Qaxda 13,5 min hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır

20:18 | 11 Sentyabr, 2021

Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 13 min 550 hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 9 min 650 hektarına buğda, 3 min 900 hektarına isə arpa səpiləcək. Payızlıq dənlilərin səpini üçün bu günədək təsərrüfatlarda 8 min 610 hektar sahədə şum qaldırılıb və hazırda bu iş davam etdirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, səpin üçün 2,9 min ton toxum fondu tələb olunur. Ayrılan toxum hazırda laboratoriya müayinəsindən keçirilərək təmizlənir və dərmanlanır. Səpində iştirak edəcək 200-dək traktor və 55 ədəd toxumsəpən aqreqat təmir olunaraq saz vəziyyətə gətirilib. Payızlıq dənlilərin səpininə oktyabrın əvvəlində başlamaq nəzərdə tutulur.

Qeyd edək ki, builki mövsümdə rayonda 14 min 91 hektar sahənin məhsulu biçilib, 45 min 681 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,4 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7 min 289 ton artıb.

Facebookda şərh edin