DİN: “Şəki-Qax yolunda qəzaya uğrayan avtomobili yol polisinin təqib etməsi barədə məlumat yalandır”

15:34 | 13 Sentyabr, 2021

“Bəzi xəbər saytlarında Şəki-Qax avtomobil yolunda “VAZ-2107” markalı nəqliyyat vasitəsinin Yol Patrul Xidməti avtomobilinin təqib etməsi səbəbindən qəzaya düşməsi barədə səsləndirilən iddialar həqiqəti əks etdirmir”.

Bunu “Report”a DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov deyib.

O bildirib ki, fevralın 6-sı səhər saatlarında xidmətdə olan Yol Patrul Xidmətinin inspektorları Şəki-Qax avtomobil yolunun 13-cü kilometrliyindən keçərkən “VAZ-2107” markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü və sərnişinin aldıqları xəsarətlərdən hadisə yerində öldüyünü aşkar ediblər.

“Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub. Ölən şəxslərin sürücü Elvin Musayev və sərnişin Daşqın Mustafayev olduqları müəyyən edilib.Araşdırma zamanı sürücü Elvin Musayevin idarəetməni itirməsi nəticəsində avtomobilin yoldan çıxaraq aşdığı məlum olub. Hadisədə sürücünün də ölməsi səbəbindən başlanmış cinayət işinə xitam verilib”, – M.Məsimov bildirib.

Facebookda şərh edin