Qaxda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb

23:36 | 19 Sentyabr, 2021

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu yerlərdə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzi avtomobillərin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.

Yol polisi əməkdaşları həmin avtomobillərin sahibləri ilə izahedici söhbətlər aparıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqlarını diqqətə çatdırıb. Standartlara cavab verməyən 15-dək avtomobilin sürücüsü barəsində inzibati qaydada tədbir görülüb.

Facebookda şərh edin