Qax Dövlət Kukla Teatrı kollektivinin Gəncəyə səfəri maraqlı və yaddaqalan olub

23:39 | 19 Sentyabr, 2021

Qax və Gəncə Dövlət Kukla teatrlarının kollektivləri arasında əlaqələr ildən-ilə genişlənir. Qax teatrının yaradıcı heyəti “Nizami Gəncəvi İli” ilə əlaqədar bu günlərdə Gəncə şəhərinə səfər edib, həmkarları ilə görüşüb, yaradıcılıq mübadiləsi aparıblar.

Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səfər çərçivəsində yaradıcı heyət dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Gəncə Dövlət Dram Teatrının yeni tikilən binası ilə tanış olub.

Gəncə Dövlət Kukla Teatrında keçirilən görüş maraqlı və yaddaqalan olub. Qaxlı aktyorlar həmkarlarına “Nizami Gəncəvi İli” ilə əlaqədar hazırladıqları “Xeyir və Şər” tamaşasını təqdim ediblər. Sonra Gəncə teatrının hazırladığı “Düyməcik” tamaşasına baxış olub.

Səfər çərçivəsində Qax teatrının yaradıcı heyəti, həmçinin Vətən müharibəsi zamanı Gəncədə erməni terroru nəticəsində dağılmış yaşayış binalarının olduğu əraziyə gələrək, həlak olan dinc sakinlərin xatirəsini ehtiramla yad ediblər.

Facebookda şərh edin