Qaxın qarğıdalı sahələrində orta məhsuldarlıq 70,8 sentner təşkil edir

23:47 | 19 Sentyabr, 2021

Qaxlı fermerlər bu il 1516 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək 451 hektar sahənin məhsulu yığılıb, 3191 ton dən qarğıdalı istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 70,8 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, cari təsərrüfat ilində Qax rayonu üzrə ən çox qarğıdalı əkini Güllük kəndində aparılıb. Belə ki, bu kəndin torpaq mülkiyyətçiləri cari ildə 240 hektarda qarğıdalı yetişdiriblər. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının və Tasmalı kəndinin ərazilərində bu il 200 hektar, Əlibəyli kəndində isə 180 hektarda dən üçün qarğıdalı əkilib. Hazırda Əlibəyli kəndinin təsərrüfatlarında hər hektardan 80 sentnerdən çox məhsul götürülür.

Qurumdan verilən məlumata görə, cari ildə rayonda 801 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı da əkilib.

Qeyd edək ki, qaxlı fermerlər ötənilki mövsümdə 1887 hektar qarğıdalı sahəsindən 15 min 909 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 3 min 151 ton artıb.

Facebookda şərh edin