Bədrəddin Həsrətov: “APİ-DELTA” arıçılıq turizmi sahəsində ilk addımlarını atır

22:17 | 25 Sentyabr, 2021

“APİ-DELTA” Arıçılıq Mərkəzi 7 ildir ki, fəaliyyət göstərir. Burada arıçılığın demək olar ki, bütün sahələri ilə məşğul oluruq. Hazırda təsərrüfatımızda 2 minədək arı ailəsi var. Kompleksin tərkibinə arıxana təsərrüfatları, damazlıq bölmə, arı pətəyi, çərçivə və arıçılıq üçün lazım olan digər avadanlığın, həmçinin arı mumundan şanın hazırlanması üçün sexlər, laboratoriya, arı südünün alınması və digər istehsal sahələri daxildir. Müəssisədə 10 çeşiddə arıçılıq məhsulu, o cümlədən bal, çiçək tozu, vərəmum, arı südü, orqanik bal və digər məhsullar istehsal olunur. Son vaxtlar arıçılıq turizminə də maraq göstərir və bu istiqamətdə ilk addımlarımızı atırıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində Qaxda arıçılıq təsərrüfatında keçirilən tədbir zamanı “APİ-DELTA” Arıçılıq Mərkəzinin direktoru Bədrəddin Həsrətov deyib.

Təsərrüfat rəhbərinin sözlərinə görə, mərkəzlə tanışlıq zamanı turistlərə qədim insanların arı və arıçılıq məhsulları ilə ilk tanışlığı, arıçılığın insanların həyatına necə daxil olması barədə dolğun məlumat verilir. Qonaqlar müasir dövrdə arıçılığın inkişafı ilə bağlı görülən işlər barədə də məlumatlandırılırlar. Turistlər burada, eyni zamanda, təsərrüfatda istehsal olunan yüksək keyfiyyətli arıçılıq məhsullarını da münasib qiymətə əldə edə bilirlər. Bundan əlavə, mərkəzdə arıçılıqla məşğul olmaq arzusunda olanlar üçün təlimlər də təşkil olunur.

Facebookda şərh edin