Qaxdakı “Müqəddəs Georgi” kilsəsinin keşişi: Şəhidlər öz canlarını Azərbaycanın ərazi bütövlüyü naminə qurban verdilər

13:48 | 29 Sentyabr, 2021

Bu gün Azərbaycanın hər yerində Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilir. Biz, Azərbaycanda fəaliyyət göstərən gürcü pravoslav kilsələrinin üzvləri bu günü öz adət-ənənələrimizə uyğun keçiririk. İnsanlar səhər saatlarında kilsəyə gəlir, müharibədə şəhid olanların xatirəsinə ehtiramlarını bildirir, onları yad edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qax rayonunun Qaxingiloy kəndindəki “Müqəddəs Georgi” kilsəsinin keşişi Petre Xumaraşvili Anım Günü ilə əlaqədar keçirilən dini mərasimdə söyləyib.

Kilsənin keşişi bildirib ki, şəhid vermək nə qədər ağrılı, acılı olsa da, eyni zamanda, qürurdur. Çünki bu insanlar öz canlarını doğma Vətənlərinin gələcəyi, onun ərazi bütövlüyü naminə qurban veriblər. “Biz öz dualarımızla bütün şəhidlərin yatdıqları məzarlarda rahat uyumalarını Tanrıdan diləyirik. Qarabağ uğrunda gedən döyüşlərdə burada yaşayan gürcü xalqının övladları da iştirak edib, Vətən qarşısında öz borclarını veriblər. Biz onların hər birinə “sağ ol” deyir və hər zaman onları xatırlayacağımızı bildiririk”,- deyə Petre Xumaraşvili vurğulayıb.

Facebookda şərh edin