Qax rayonundakı “Müqəddəs Georgi” kilsəsində Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub – FOTO

13:51 | 29 Sentyabr, 2021

Şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından bir il ötür. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan və 44 gün davam edən Vətən savaşında rəşadətli Azərbaycan Ordusu, ürəyində torpaq, millət sevgisi olan igid oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, mənfur düşməni əzəli torpaqlarımızdan qovublar. Müharibələr itkisiz olmur. Bu döyüşlərdə şəhidlərimiz də oldu, qazilərimiz də. Vətən müharibəsində ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də, o cümlədən Qax rayonunda yaşayan gürcülər də yaxından iştirak edib, döyüşlərdə qəhrəmanlıqlar göstəriblər. Azərbaycanı özlərinin doğma Vətəni hesab edən bu azsaylı xalqların nümayəndələri müharibə başa çatanadək əsgərlərimizlə çiyin-çiyinə vuruşub, öz vətəndaşlıq borclarını layiqincə yerinə yetiriblər.

Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bu gün Azərbaycanın hər yerində, şəhər, qəsəbə və kəndlərimizdə, dini ocaqlarda, məscidlərdə, kilsə və sinaqoqlarda dərin ehtiramla yad olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 27-də – Anım Günündə Qax rayonunun Qaxingiloy kəndindəki “Müqəddəs Georgi” kilsəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq anım mərasimi keçirilib. Rayonun gürcü pravoslav xristian əhalisinin nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhidlərin ruhuna dualar oxunub, xatirəsinə şamlar yandırılıb. Səhər saatlarından başlayaraq şəhidlərin əziz xatirəsinə kilsə zəngi çalınıb.

Mərasimdə iştirak edən kilsənin keşişi Petre Xumaraşvili Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb, Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib.

Anım Günü ilə əlaqədar kilsədə dini ayinlər gün ərzində davam edəcək.

Facebookda şərh edin