Qaxda indiyədək 11,5 min tondan çox dən qarğıdalı istehsal olunub

00:37 | 1 Oktyabr, 2021

Bu il Qax rayonunun təsərrüfatlarında 1516 hektar sahədə dən üçün qarğıdalı əkilib. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı yekunlaşmaq üzrədir. İndiyədək 1476 hektar sahənin məhsulu yığılıb, 11 min 532 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 78,1 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, cari təsərrüfat ilində Qax rayonu üzrə ən çox qarğıdalı əkini Güllük kəndində aparılıb. Belə ki, bu kəndin torpaq mülkiyyətçiləri cari ildə 240 hektarda qarğıdalı yetişdiriblər. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının və Tasmalı kəndinin ərazilərində bu il 200 hektar, Əlibəyli kəndində isə 180 hektarda dən üçün qarğıdalı əkilib. Builki mövsümdə Qax Aqroparkının, eləcə də Ləkit və Qaxingiloy kəndlərinin qarğıdalı sahələrində məhsuldarlıq daha yüksək olub.

Qeyd edək ki, qaxlı fermerlər ötənilki mövsümdə 1887 hektar qarğıdalı sahəsindən 15 min 909 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 3 min 151 ton artıb.

Facebookda şərh edin