Qaxlı fermerlər indiyədək 297 ton quru tütün istehsal ediblər

19:25 | 12 Oktyabr, 2021

Qax rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Tütün istehsalçıları mövsümün əvvəlindən indiyədək emal məntəqələrinə 2320 ton “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək emal məntəqələrində, həmçinin fərdi təsərrüfatlarda 297 ton quru tütün istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Bildirilib ki, bu il qaxlı fermerlər 477 hektar sahədə tütün yetişdiriblər. Sahələrin 465 hektarına “Virciniya botaniki” növlü, 12 hektarına isə yerli tütün sortları əkilib. Rayonun tütün istehsalçıları mövsümün əvvəlindən indiyədək Zaqatala rayonunda fəaliyyət göstərən “Azərtütün ASK” MMC-yə məxsus emal məntəqəsinə 327 ton, “Zaqatala AGRO İndustry” MMC-nin tütün istehsalı və emalı məntəqəsinə isə 1993 ton “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək bu emal məntəqələrində, ümumilikdə, 293 ton quru tütün istehsal olunub. Bundan əlavə, torpaq mülkiyyətçiləri yerli tütün sortlarından 4 tonadək quru tütün əldə ediblər.

Facebookda şərh edin