Qaxda tərəvəz və kartof yığımı başa çatıb

16:24 | 15 Oktyabr, 2021

Qax rayonunun torpaq mülkiyyətçiləri builki mövsümdə 336 hektar sahədə tərəvəz yetişdiriblər. Təsərrüfatlarda tərəvəz məhsullarının yığımı artıq başa çatıb. Fermerlər bu il 2725,1 ton tərəvəz istehsal ediblər. Tərəvəzçilikdə məhsul istehsalı ötən illə müqayisədə 142,6 ton artıb. Hər hektarın orta məhsuldarlığı 81 sentner olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda kartof yığımı da başa çatıb. Torpaq mülkiyyətçiləri cari ildə 319 hektar kartof sahəsindən 3 min 11,8 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 94,4 sentner kartof tədarük olunub.

Hazırda təsərrüfatlarda dən üçün qarğıdalı, tütün, paxlalı bitkilər və meyvə yığımı davam edir.

Facebookda şərh edin