Qax Dövlət Kukla Teatrı sənətsevərlərə “Xeyir və Şər” tamaşasını təqdim edib

03:18 | 19 Noyabr, 2021

Qax Dövlət Kukla Teatrı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə noyabrın 16-da sənətsevərlərə şairin “Xeyir və Şər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.

Tamaşaçılar əvvəlcə teatrın foyesində Nizami Gəncəvinin yaradıcılığına aid kitab sərgisi və şairin əsərlərinin personajlarını əks etdirən kuklalardan ibarət kompozisiya ilə tanış olublar.

Tamaşadan əvvəl dahi şairin həyat və yaradıcılığı barədə geniş məlumat verilib, şeirləri səsləndirilib.

Rejissor Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada Xeyir obrazını aktyor Orxan Əminov, Şər obrazını isə Nuru Mustafayev canlandırıblar. Tamaşanın kuklalarla təqdim olunan hissəsində isə rolları aktyorlar Araz Mehrablı (Xeyir), Azər Kərimov (Şər), həmçinin Aynurə Abbasova (şahzadə) və Elnarə Razıyeva (qulluqçu) ifa ediblər. Tamaşanın rəssamı Mayis Abdullayevdir.

Baş rejissorun sözlərinə görə, hazırda teatrda 2021-ci ilin repertuar planına daxil edilən fransız yazıçısı Şarl Peronun “Yatmış gözəl” və rus yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan” əsərləri əsasında səhnələşdirilən tamaşalar üzərində məşqlər yekunlaşmaq üzrədir.

Facebookda şərh edin