Deputat Azər Kərimli: “Ermənistan tarixi həqiqətlərlə də barışmalıdır”

21:19 | 25 Noyabr, 2021

Ermənistanın baş naziri Nikol Paşinyanın son iddiaları da hər zaman olduğu kimi konkret faktlara söykənmir və söz yığınından başqa bir şey deyil.

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyilb.

Deputat qeyd edib ki, Nikol Paşinyanın Zəngəzur dəhlizi və Şərqi Zəngəzur terminlərinin Azərbaycan tərəfindən uydurulduğunun bildirməsi və ölkəmizin Ernənistana qarşı ərazi iddiaları ilə çıxış etdiyini deməsi siyasi riyakarlığın, ənənəvi erməni bohtançılığının son həddidir: “Zəngəzur dəhlizi”nin keçdiyi ərazi bütün tarixi mənbələrdə Zəngəzur adlanır və hətta bu ərazinin Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə bağlı, xalqımızın iradəsinə, Azərbaycanın suveren hüquqlarına zidd qərarın özündə belə, Zəngəzurun adı xüsusi olaraq qeyd olunur. Bu ərazilər bütün tarixi sənədlərdə də Zəngəzur adlanır. Digər tərəfdən, dünyada çoxsaylı nümunələr var ki, bu və ya digər ərazilər tarixin müxtəlif dövrlərində ayrı-ayrı dövlətlərin tərkibində olmasına baxmayaraq, tarixi adlarını olduğu kimi saxlayırlar. Məsələn, Krım vaxtilə müstəqil dövlət –xanlıq – kimi mövcud olub, müəyyən zaman kəsiyində sonra Osmanlı İmperiyasının asılılğına düşüb. Sonra rus-türk müharibəsinin nəticəsində xanlıq ləğv edilib və ərazi Rusiyanın tərkibinə qatılıb. 1954-cü ildə Nikita Xruşovun qərarı ilə Krım Rusiyanın tərkibindən çıxarılaraq, Ukraynanın tərkibinə verilib. Hazırda isə, Krım de-yure olmasa da, de-fakto Rusiyanın tərkibindədir. Amma bütün bu dövrlərdə yarımadanın adı olduğu kimi qalıb. Başqa bir nümunə: Məlum olduğu kimi, indiki İran ərazisində tarix boyu, əsasən oğuz türklərinin rəhbərlik etdiyi çoxsaylı dövlətlər mövcud olub. İstər Böyük Səlcuq İmperiyasının, istər Ağqoyunluların və ya Qaraqoyunluların, yaxud Səfəvi, Afşar, Qacar sülalərinin dövründə Azərbaycan bir tarixi ərazi kimi mövcud olub. Elə indinin özündə də müəyyən istisnalar olmaq şərtilə, İran İslam Respublikasının tərkibində, azərbaycanlıların yaşadığı ərazilər rəsmi şəkildə Şərqi Azərbaycan, Qərbi Azərbaycan adlandırılır. Yəni Avrasiya ərazisində tarixi toponimləri ermənilər qədər təhrif edən, başqa xalqların mədəniyyətini, tarixini öz adlarına çıxan ikinci hər hansı bir xalq, yaxud dövlət yoxdur. İndi Nikol Paşinyanın, yaxud radikal erməni millətçilərinin xoşuna gəlmir deyə, Azərbaycan xalqı tarix boyu yaşadığı, qoruduğu və ad verdiyi ərazilərdən imtina etməlidir? Əgər bu ərazinin adı Zəngəzurdusa, onu başqa adla niyə adlandırmalıyıq?

Digər tərəfdən, Azərbaycan Respublikasının ərazilərini Ermənistan 30 ilə yaxın işğal altında saxlayıb və bu işğala Azərbaycan Ordusunun zəfəri nəticəsində son qoyulub və rəsmi İrəvan, erməni ultramillətçiləri hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirlər. Bununla yanaşı, Türkiyənin İqdır, Qars, Van, Ərzurum və digər ərazilərinə açıq şəkildə iddia edirlər. Bununla yanaşı qonşu Gürcüsatnın Samtsxe-Cavaxeti diyarına münasibətdə də ərazi iddiaları irəli sürürlər. Yəni işğalçılığı bütün beynəlxalq sənədlərdə öz əksini tapmış, konstitusiyasında və dövlət rəmzlərində başqa dövlətlərin ərazilərinə iddiaların yer aldığı bir ölkənin baş nazirinin Azərbaycanı Ermənistana qarşı ərazi iddiaları irəli sürməkdə ittiham etməsi qədər siyasi əxlaqsızlıq,düşünürəm ki, ola bilməz”.

Azər Kərimli Nikol Paşinyanın Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə və ya cəngəllik siyasəti aparmaqda ittiham etməsinə də diqqət çəkib. Millət vəkili qeyd edib ki, 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini xarabalığa çevirən bir ölkənin başqalarını aqressiyada ittiham etməsi ikrah doğurur: “Hələ bu gün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin ünsürləri qalmaqdadır. Azərbaycan Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır. Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunduğu sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub. Paşinyan öz nitqində Qarabağı yenə də Artsax adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirib. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin açıq nümunələridir”.

Azər Kərimli qeyd edib ki, tarix də, tarixi toponimlər – ərazi adları da Ermənistanın saxta tarixi iddiaları, erməni xalqının öz sayından və potensialından dəfələrlə böyük olan iddiaları ilə deyil, tarixi həqiqətlərlə, reallıqlarla müəyyənləşir: “Bu baxımdan, həm Nikol Paşinyan, həm Ermənistan cəmiyyəti, həm də “harda çörək var, ora vətəndir” deyib dünyanın müxtəlif ölkələrinə səpələnərək təşkilatlanmış ermənilər tarixi həqiqətlərlə barışmağa alışmalıdırlar”.

Facebookda şərh edin