Qaxın taxıl sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

08:43 | 3 Dekabr, 2021

Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 13 min 550 hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. İndiyədək 8 min 760 hektarı buğda və 3 min 990 hektarı dən üçün arpa olmaqla, 12 min 750 hektar sahəyə toxum səpilib. Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Qax rayon Mərkəzi tərəfindən taxıl sahələrində fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri davam etdirilir.

Mərkəzin rəisi Hikmət Hafizov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son illər qurum tərəfindən payızlıq taxıl sahələrində taxıl böcəyi sürfələri, siçanabənzər gəmiricilər, taxıl mənənəsi, payız əkin sovkası, taxıl birələri və digər zərərvericilərə qarşı müşahidə işlərinin vaxtında təşkili, sirayətlənmə olan ərazilərdə mübarizə işlərinin vaxtında, düzgün metodikaya uyğun aparılması, toxumların fermerlər tərəfindən pestisidlərlə dərmanlanması əksər zərərvericilərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Cari ildə aparılmış fitosanitar müşahidə işlərinin nəticəsi bunu göstərir.

Qurum rəsmisinin sözlərinə görə, rayon üzrə siçanabənzər gəmiricilərlə ən çox sirayətlənmə ehtimalı olan Qaxbaş, Zərnə, Ləkit, Qarameşə, Dəymədağlı, Zəyəm kəndlərində 867 hektar sahədə aparılmış fitosanitar müşahidə işləri nəticəsində 293 hektar sahədə, əsasən yonca sahələri və yonca sahələrinə yaxın ərazilərdə əkilmiş payızlıq taxıllarda sirayətlənmə müşahidə olunub. Müşahidə aparılan ərazilərdə siçanabənzər gəmiricilərin işlək yuvalarının sayı iqtisadi ziyanvurma həddindən yuxarı olan 190,4 hektar sahədə dövlət hesabına verilmiş sink-fosfid preparatı vasitəsilə zəhərli aldadıcı yem hazırlanmaqla fermerlər tərəfindən mübarizə tədbirləri təşkil olunub. Müsbət haldır ki, bu il payızlıq taxıl sahələrində siçanabənzər gəmiricilərlə sirayətlənmə demək olar ki, yox dərəcəsindədir. Bu, son üç ildə sink-fosfid preparatı ilə dövlət hesabına aparılmış kimyəvi mübarizənin nəticəsidir.

Hikmət Hafizov bildirib ki, Mərkəz tərəfindən taxılın ən qorxulu zərərvericilərindən olan taxıl böcəyinin sürfələrinə qarşı noyabrın sonunadək 629,7 hektar sahədə fitosanitar müşahidə işləri aparılıb, nəticədə 478,7 hektar sahədə həmin zərərverici ilə sirayətlənmə aşkar edilib. İndiyədək 432,7 hektarda kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Mərkəz rəisinin sözlərinə görə, hazırda rayonun meyvə bağlarında da xəstəlik və zərərvericilərin qışlama mərhələsini məhv etmək məqsədi daşıyan qış müalicə tədbirlərinə başlanılıb.

Facebookda şərh edin