Qax Rayon Polis Şöbəsi rəisinin məktəblilərlə növbəti görüşü: məktəblilərə narkomaniyanın zərərləri barədə məlumat verilib

08:47 | 3 Dekabr, 2021

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı məktəb-liseyində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə polis əməkdaşları, məktəbin yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Şagirdlərlə görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanov ölkədə narkomaniyaya qarşı mübarizənin güclənməsindən, dövlət orqanlarının bu sahədəki qətiyyətli fəaliyyətindən və təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Polis əməkdaşları rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı gördüyü tədbirlər barədə məktəblilərə məlumat verib. V.Qurbanov cəmiyyətin bütün üzvlərinin bu sosial bəla ilə mübarizə aparmasının, sağlam həyat tərzinin gənclər arasında təbliğinin vacibliyini vurğulayıb.

Sonra çıxış edənlər narkotik vasitələrin yaratdığı problemlərdən söhbət açıb, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar təsirlərdən uzaq olmağa çağırıblar.

Sonda videoçarx nümayiş olunub və polis əməkdaşları məktəblilərə narkomaniyanın fəsadlarından bəhs edən bukletlər paylayıblar.

Facebookda şərh edin