Qax Rayon Polis Şöbəsinin rəisi Zəyəm kəndində “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirib

10:11 | 9 Dekabr, 2021

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Zəyəm kənd tam orta məktəbində “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin yuxarı sinif şagirdləri, müəllimlər və polis əməkdaşları iştirak ediblər.

Məktəblilərlə keçirilən görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi Vidadi Qurbanov narkomaniyanın bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən və digər ağır nəticələrə gətirib çıxaran böyük təhlükə mənbəyi olduğunu qeyd edib. Bu səbəbdən yeniyetmə və gənclər arasında mütəmadi olaraq maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb. Daxili işlər orqanlarının əməkdaşlarının narkomaniyaya qarşı apardıqları qətiyyətli mübarizə və profilaktiki tədbirlər barədə ətraflı məlumat verən polis polkovniki onları hər zaman sağlam həyat yaşamağa çağırıb.

Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən bukletlər məktəblilərə təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.

Facebookda şərh edin