Qax rayonunda ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü silsilə tədbirlərlə qeyd olunub

01:50 | 13 Dekabr, 2021

Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının on səkkizinci ildönümü Qax rayonunda silsilə tədbirlərlə qeyd olunub. Anım günü ərəfəsində rayonun idarə, müəssisə və təşkilatlarında xatirə tədbirləri, konfranslar, ümumtəhsil məktəblərində şeir, inşa yazı və rəsm müsabiqələri keçirilib, idman yarışları təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 12-də rayon icra hakimiyyətinin rəhbər şəxsləri, əmək kollektivlərinin nümayəndələri Ulu Öndərin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Mərasim iştirakçıları azərbaycanlı olmağı ilə həmişə fəxr edən Ümummilli Liderin keçdiyi şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnək olduğunu bildiriblər. Vurğulanıb ki, müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil. Vətən təəssübü, xalq sevgisi Ümummilli Liderin həyat yolu, qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. Ulu Öndərin əziz xatirəsi ürəklərdə əbədi yaşayacaq.

Facebookda şərh edin