Qaxda indiyədək 13 min hektardan çox sahədə payızlıq səpin aparılıb

02:03 | 13 Dekabr, 2021

Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 13 min 550 hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda payızlıq dənlilərin səpini başa çatmaq üzrədir. Torpaq mülkiyyətçiləri indiyədək 4 min 408 hektarı dən üçün arpa, 8 min 760 hektarı buğda olmaqla, 13 min 168 hektar sahəyə toxum səpiblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, səpin aparılacaq sahələrin şumlanması artıq başa çatdırılıb. Ümumilikdə, səpin kampaniyasına 200-dək traktor, 55 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.

Qeyd edək ki, builki mövsümdə rayonda 14 min 91 hektar sahənin məhsulu biçilib, 45 min 681 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,4 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7 min 289 ton artıb.

Facebookda şərh edin