Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqlara “Yırtıcı dovşan” tamaşasını təqdim edəcək

22:15 | 18 Dekabr, 2021

Qax Dövlət Kukla Teatrı Yeni il bayramı günlərində uşaqlara rus yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edəcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.

Bildirilib ki, 2021-ci ilin repertuar planına daxil edilən həmin tamaşa üzərində məşqlər artıq başa çatıb. Tamaşanın rejissoru Araz Mehrabov, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları Azər Kərimov, Aynurə Abbasova, Elnarə Babayeva, Nuru Mustafayev, Afət Yaqubova və Vasif Fikrətli ifa edirlər.

Baş rejissorun sözlərinə görə, uşaqlar üçün Yeni il şənlikləri yanvarın 2-dən 7-dək davam edəcək. Tamaşanın nümayişindən əvvəl Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edəcək, onlarla birgə əylənəcəklər.

Eyni zamanda, teatrın yaradıcı kollektivinin bayram günlərində Kəmalə Ağazadənin “Göyçək Fatma” əsəri əsasında hazırlanmış tamaşa ilə qonşu rayonlara səfərləri də nəzərdə tutulur.

Facebookda şərh edin