Deputat Azər Kərimli: “Vətəndaşlar dövlətimizin qayğısı ilə əhatə olunublar”

23:30 | 21 Dekabr, 2021

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatların, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların əsasında vətəndaş məmnunluğunun artırılması, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi dayanır.

Prezident İlham Əliyevin əmək haqlarının, təqaüdlərin, sosial müavinətlərin artırılması ilə bağlı Sərəncan və Fərmanlarını şərh edən millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli Modern.az saytına açıqlamasında belə deyib.

Deputat qeyd edib ki, pandemiya dövrünün dünya iqtisadiyyatında yaratdığı böhrana, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq-bərpa işlərinə, yeni infrastruktur layihələrinin gerçəkləşdirilməsinə, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi məqsədilə atılan addımlara, təhlükəsizlik tədbirlərinə, ordu quruculuğu prosesinə və həyati əhəmiyyət kəsb edən digər sahələrə böyük vəsaitlərin ayrılmasına baxmayaraq, Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı müvafiq Sərəncan və Fərmanlar dövlətimiz və onun lideri üçün insan amilinin, vətəndaş məmnunliuğunun ön planda dayandığını bir daha təsdiqləyir:

“Azərbaycan vətəndaşının sosial rifahı dövlətimiz üçün prioritet təşkil edir. Dövlət başçısının il ərzində imzaladığı Sərəncam və Fərmanların mahiyyətinə diqqət yetirsək, onların böyük əksəriyyətinin sosial xarakterli olduğunu müəyyənləşdirə bilərik. Bu il ərzində Azərbaycan Prezidenti tərəfindən şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsinin təmin edilməsi ilə bağlı çoxsaylı Sərəncam və Fərmanlar imzalanıb və həyata keçirilib. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları mənzillərlə, nəqliyyat vasitələriylə təmin ediliblər və bu proses ardıcıl şəkildə, fasiləsiz olaraq reallaşdırılır. Dövlət başçısının son qərarları da sübuta yetirir ki, dəstəyə ehtiyacı olan bütün Azərbaycan vətəndaşları dövlətimizin qayğısı ilə əhatə olunublar”.

Azər Kərimlinin sözlərinə görə, dövlətin vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər kompleks xarakter daşıyır və bu proses 2022-ci ildə də yeni sosial dəstək paketləriylə davam etdiriləcək:

“Ölkədə həyata keçirilən iqtisadi islahatlar, xərclərin optimallaşdırılması, dövlət idarəçilik sisteminin modernləşdirilməsi və digər bu kimi tədbirlər sosial sahədə bir sıra mühüm qərarların qəbul edilməsinə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradır. İşğaldan azad edilən ərazilərimizdə həyata keçirilən quruculuq işləri, Qarabağın bölgənin mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılan strateji addımlar qarşıdakı illərdə əhalinin iqtisadi fəallığının, məşğulluğunun və gəlirlərinin artmasına yol açacaq, daha geniş sosial tədbirlərin, yeniliklərin tətbiqinə imkan yaradacaqdır. Bizi irəlidə böyük yeniliklər, nəinki Azərbaycan vətəndaşlarının, bütövlükdə bölgədə yaşayan bütün xalqların rifahına səbəb olacaq mühün dəyişikliklər gözləyir”.

Facebookda şərh edin