Qaxda keçirilən konfransda Azərbaycanın son 18 ildə əldə etdiyi uğurlardan bəhs olunub – FOTO

19:37 | 26 Dekabr, 2021

Müstəqillik illərində Azərbaycanın əldə etdiyi uğurlar bir daha sübut edir ki, ölkəmizdə inkişafın strateji istiqamətləri düzgün müəyyənləşdirilib. Müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində son illər xalqımızın həyat səviyyəsi daha da yüksəlib, ölkə vətəndaşlarının firavan yaşayışı təmin olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının dekabrın 23-də keçirdiyi “Azərbaycan son 18 ildə” mövzusunda konfransda səsləndirilib.

Tədbirdə YAP Qax rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Natiq Allahverdiyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Bildirilib ki, xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə Ulu Öndərin layiqli varisi İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyərək onu özünə yeni Prezident seçdi. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi, bu siyasi kursa sadiqliyini nümayiş etdirdi. Xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi.

Diqqətə çatdırılıb ki, görkəmli dövlət xadimi, yeni əsrin yeni Lideri olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən artıq 18 il keçir. Bu gün ölkəmizin uğurlu inkişafı Prezident İlham Əliyev tərəfindən əminliklə davam etdirilir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilib. Ötən 18 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirib, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilib. 2003-cü ildən hakimiyyətdə olan İlham Əliyev bu illər ərzində coğrafi cəhətdən kiçik Azərbaycanın regional, hətta beynəlxalq proseslərə təsir gücünə malik olan subyekt rolunda çıxış etməsinə nail olub.

Konfransda Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, müstəqil Azərbaycanın son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə istər daxili, istərsə də xarici siyasət sahəsində əldə etdiyi uğurlardan ətraflı bəhs edib. İşğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Prezident İlham Əliyevin bu illər ərzində ardıcıl və məqsədyönlü siyasət apardığını, ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran M.Şəkiliyev bildirib ki, xalqımızın 30 il böyük səbirsizliklə gözlədiyi Qələbə arzusu ötən ilin noyabrında nəhayət reallığa çevrildi. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız birdəfəlik erməni faşizmindən azad olundu.

Konfransda çıxış edən Qax şəhər 1 saylı tam orta məktəbin direktoru Mədinə Heydərova, Respublika Olimpiya İdman Liseyinin Qax şöbəsinin müdiri Ramil Məmmədli, Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Məhəmməd Fətəliyev, Turaclı kənd tam orta məktəbin direktoru İlham Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurlar və nailiyyətlər qazanacağını vurğulayıblar.

Facebookda şərh edin