İkinci Qarabağ müharibəsi iştirakçılarına veteran adı və Prezident təqaüdü veriləcək

21:28 | 29 Dekabr, 2021

İkinci Qarabağ müharibəsi iştirakçılarına veteran adı və Prezident təqaüdü veriləcək.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında sərəncamında öz əksini tapıb.

Nazirlər Kabinetinə bir ay müddətində “Veteranlar haqqında” qanuna uyğun olaraq nəzərdə tutulmuş şəxslərin kateqoriyalarının müəyyənləşdirilməsini təmin etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sərəncama uyğunlaşdırılmasını təmin etmək, sərəncamda nəzərdə tutulan şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün ödənilməsini təmin etmək üçün tələb olunan vəsaitin 2022-ci ilin və növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Müdafiə, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi sərəncamda nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Nazirlər Kabineti ilə razılaşdırmaqla onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidirlər.

Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti sərəncamda nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Nazirlər Kabineti ilə razılaşdırmaqla onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların 5 iş günündən gec olmayaraq kağız və elektron daşıyıcılarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, sərəncamda nəzərdə tutulan şəxslərə 2022-ci il yanvarın 1-dən etibarən Prezidentin təqaüdünün təyin edilməsini və ödənilməsini təmin etsin, sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Facebookda şərh edin