Qax Dövlət Kukla Teatrı uşaqlar üçün əyləncəli bayram proqramı hazırlayıb

22:04 | 29 Dekabr, 2021

Qax Dövlət Kukla Teatrının yaradıcı kollektivi Yeni ilin gəlişi münasibətilə uşaqlara maraqlı bayram proqramı təqdim edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 29-dan başlayaraq teatrda uşaqlara rus yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa təqdim olunur.

Xüsusi proqram əsasında hazırlanmış tamaşanın əvvəlində Yeni ilin personajları Şaxta baba və Qar qız, həmçinin cizgi filmlərinin qəhrəmanı Mikki Maus uşaqları bayram münasibətilə təbrik edir, onlarla birgə əylənirlər.

Sonra uşaqlar “Yırtıcı dovşan” tamaşasına baxırlar. Tamaşanın rejissoru Araz Mehrabov, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları Azər Kərimov, Aynurə Abbasova, Elnarə Babayeva, Nuru Mustafayev, Afət Yaqubova və Vasif Fikrətli ifa edirlər.

Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov bildirib ki, teatrda uşaqlar üçün Yeni il şənlikləri yanvarın 8-dək davam edəcək.

Facebookda şərh edin