“Şuşa İli” elan edilməsi ilə əlaqədar Qaxda “Şərqin konservatoriyası – Qafqazın sənət məbədi” adlı tematik gecə keçirilib

15:23 | 2 Fevral, 2022

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.

Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu barədə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi ilə əlaqədar Qax rayon Mədəniyyət Mərkəzi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Şərqin konservatoriyası – Qafqazın sənət məbədi” adlı tematik gecədə səsləndirilib.

Tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər, Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ailə üzvləri, mədəniyyət işçiləri iştirak ediblər.

Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova tədbiri açaraq, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamın xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən tarixi sənəd olduğunu diqqətə çatdırıb.

Şəhid Şamo Məhərrəmovun bacısı Pəri xanım çıxışında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızla fəxr etdiyini, qürur duyduğunu bildirib.

Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova, kitabxanaçı Sevinc Abakarova, Mədəniyyət Mərkəzinin əməkdaşı Vüsalə Mustafayeva və başqaları çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açıb, doğma torpaqlarımızın, Qarabağın beşiyi olan Şuşa şəhərinin işğaldan azad edilməsi, müharibədən sonra aparılan quruculuq işləri, Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı, dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı və digər tədbirlər barədə danışıblar.

Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında Şuşa zəfərinə həsr olunan şeirlər səsləndirilib, “Şuşanın dağları” mahnısı ifa olunub.

Tədbirin sonunda “Şuşa, sən azadsan!” filmi nümayiş etdirilib.

Facebookda şərh edin