Qax tütünçüləri mövsümə hazırlaşırlar

19:45 | 9 Fevral, 2022

Qax rayonunda əhaliyə məxsus təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanmasına başlanılıb. Fermerlərin tütün şitillərinə olan tələbatının tam şəkildə ödənilməsi üçün cari mövsümdə təsərrüfatlarda 6 min kvadratmetr sahədə istixanaların hazırlanması nəzərdə tutulur. İstixanalara toxum fevralın ikinci yarısında səpiləcək və yetişdiriləcək tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 400 hektar sahədə tütün əkini nəzərdə tutulur.

Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 477 hektar sahədən 560,8 ton quru tütün əldə ediblər.

Facebookda şərh edin