Qaxın taxıl sahələri və meyvə bağlarında zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

19:48 | 11 Fevral, 2022

Ötən ilin payızında Qax rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün 13 min 238 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 8 min 830 hektarını buğda, 4 min 408 hektarını arpa sahələri təşkil edir. Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Qax rayon Mərkəzi tərəfindən taxıl sahələrində fitosanitar müşahidələr davam etdirilir.

Mərkəzin rəisi Hikmət Hafizov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, havaların uzun müddətdir quraq keçməsinin taxıl sahələrinə, əsasən dəmyə ərazilərdəki sahələrə mənfi təsir göstərdiyi müşahidə olunur. Mərkəzin mütəxəssisləri tərəfindən mövcud taxıl sahələrində aparılmış fitosanitar müşahidələr nəticəsində 771 hektar sahədə taxıl böcəyi sürfələri ilə sirayətlənmə müşahidə olunub. Taxıl böcəyi ilə sirayətlənmiş sahələrin 725 hektarında təsərrüfat subyektləri tərəfindən kimyəvi mübarizə tədbirləri aparılıb. Qalan 46 hektar sahədə isə sürfələrin sıxlığı iqtisadi zərərvurma həddindən aşağı olduğu üçün kimyəvi mübarizənin aparılmasına ehtiyac olmayıb.

Mərkəzin rəisinin məlumatına görə, indiyədək taxıl sahələri, çoxillik əkmə, təbii otlaq və meyvə bağlarında aparılmış fitosanitar müşahidələr nəticəsində 559 hektar sahədə siçanabənzər gəmiricilərlə sirayətlənmə aşkar edilib. Gəmiricilərlə sirayətlənmiş 259 hektar taxıl sahəsinin 33 hektarında dövlət, 220 hektarda təsərrüfat subyektləri hesabına sink-fosfid preparatı vasitəsilə zəhərli aldadıcı yemlə, 6 hektarda isə suvarma aparılmaqla mexaniki yolla mübarizə həyata keçirilib.

Qurum rəsmisinin sözlərinə görə, hazırda meyvə və üzüm bağlarında xəstəlik və zərərvericilərin qışlama mərhələsini məhv etmək məqsədi daşıyan kimyəvi və aqrotexniki qış müalicə tədbirləri həyata keçirilir. Cari ildə meyvə bağlarında 1179 hektarda mexaniki, 488 hektarda kimyəvi yolla, 150 hektar üzüm bağında budama tədbiri həyata keçirilməklə aqrotexniki qış mübarizəsi aparılıb və bu tədbirlər davam etdirilir.

Facebookda şərh edin