Qax rayonunda 20 Yanvar faciəsi və Xocalı soyqırımı abidəsi niyə yoxdur?!

11:03 | 21 Yanvar, 2019

Ötən gün 20 Yanvar ümumxalq hüzn günü Azərbaycanın bütün bölgələrində qeyd olundu. Qax rayonunda da 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət etdi.
Lakin həmin Şəhidlər Xiyabanında uyuyan insanlar Dağlıq Qarabağ müharibəsi zamanı şəhid olan qaxlılardır. Yəni, 20 Yanvar faciəsi ilə bağlı Qax rayonunda hər hansı abidə, barelyef və ya bir büst belə yoxdur. Nəinki 20 Yanvar faciəsi, hətta bütün dünyada soyqırım kimi tanınan, dünyanın bir çox şəhərlərində abidəsi ucaldılan Xocalı Soyqırımı barədə də hər hansı abidə yoxdur Qaxda.
Ötən gün Şəhidlər Xiyabanında 20 Yanvar faciəsini ziyarət edən rayon ictimaiyyəti bir ay sonra – 26 Fevral tarixində də Xocalı soyqırımı qurbanlarını anmaq üçün eyni məkana gələcəklər. Bu, normaldırmı, sizcə?!
Axı 20 Yanvar və Xocalı soyqırımı tək Qaxın deyil, bütün Azərbaycanın şərəfli tarixinin unudulmaz səhifəsidir. Axı həmin faciələr zamanı həyatlarını itirən insanlarımız Qax da daxil olmaqla, bütün Azərbaycanımızın müstəqilliyi və bütövlüyü uğrunda şəhid olublar…
Dağlıq Qarabağ müharibəsində yüzlərlə şəhid vermiş Qax camaatı da bunu gözəl bilir və şəhidlərimizin xatirəsini daim anır.
İnanırıq ki, Qax rayon İcra Hakimiyyəti sözügedən abidələrin rayonun ən görkəmli yerində ucaldılması barədə əməli fəaliyyətə start verəcəklər…

Qax.org.az

Facebookda şərh edin