Elina Əliyeva: “Səmərəli asudə vaxt sağlam gənclik, möhkəm dövlətçilik deməkdir”

14:36 | 22 Yanvar, 2019

Müsahibim Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elina Əliyevadır. Əliyeva Elina Cahangir qızı 1961-ci ildə Saatlı rayonunda anadan olub. 1979-cu ildə Qax şəhər 1nömrəli tam orta məkətbi bitirib, həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Məktəbəqədər pedaqogika və psixologiya” fakultəsinə daxil olub. 1983-cü ildə universiteti bitirərək Qax şəhər 2 nömrəli məktəb-liseydə pioner baş dəstə rəhbəri ( indiki Uşaq Birliyi Təşkilatının Rəhbəri) kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Qax rayon Pionerlər evi, indiki Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışır.

-Məktəbdənkənar müəssisələrin əsas vəzifəsi nədən ibarətdir?

– Məktəbdənkənar müəssisənin əsas vəzifəsi uşaq və yeniyetmələrin maraq, meyl və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların asudə vaxtının səmərəli təşkilidir.

-Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində hal-hazırda neçə dərnək fəaliyyət göstərir və hansı günlər təşkil olunur? Məktəbdə yoxsa müəssisənin özündə təşkil olunur?

-Hal-hazırda müəssisəmizdə 31 dərnək fəaliyyət göstərir, onlardan 16 nəfəri  ali təhsilli, 15 nəfəri isə orta ixtisas təhsillidir. Dərnəklər əsasən I-III-VI günlər keçirilir. Əksəriyyəti müəssiənin özündə təşkil olunur, lakin məktəblrdə də təşkil olunan dərnəklər var.

-Dərnəklər hansı adla fəaliyyət göstərir?

-“Toxuma əl işləri”, “Bacarıqlı əllər”, “Məktəb teatrı”, “Ağac üzərində oyma”, “İnformatika”, “Elektrotexnika”, “Bədii qiraət”, “Rus dilini sevənlər”, “Təsviri-incəsənət”, “Yumşaq oyuncaqlar”, “Nağıl-debat”, “İbtidai texniki modelləşdirmə”, “Gənc dizayner”, “Uşaq xalq rəqsləri”, “Coğrafiya diyarşünaslıq”, “Texniki estetika” və s. kimi adlarla fəaliyyət göstərir.

-Uşaqlar üçün məktəbdənkənar təhsilin əhəmiyyətini necə qiymətləndirirsiz?

– Hər yaş dövründə uşaqların asudə vaxtlarının məqsədyönlü, planlı, mütəşəkkil təşkil olunmasının xüsusi əhəmiyyəti vardır. Məktəbdənkənar təhsil müəssisələri uşaqların digər təhsil müəssisələrində aldıqları təhsilin praktik vərdişlərə çevrilməsini təmin edərək, onların yaradıcı bacarıqlarının inkişafı və sağlam böyümələri üçün əlverişli mühit yaradır. Burda artıq uşağın informasiya alma forması əyləncəyə çevrilir.

-Sizin müəssisədə iş necə qurulur, uşaq və gənclərin istedadlarını aşkar etmək üçün nə kimi tədbirlər həyata keçirilir?

-Müəssisəmiz öz fəaliyyətini UGİM-nin nizamnaməsinə, Təhsil Nazirliyinin normativ hüquqi sənədlərinə, Respublika Əmək Məcəlləsinə, Təhsil Qanununa, fəaliyyət planına uyğun qurur. Eyni zamanda asudə vaxtı düzgün təşkil etmək üçün uşaqların gündəlik, həftəlik rejiminə müvafiq olaraq işimizi qurmağa çalışırıq. İstedadlı uşaqlara xüsusi qayğı ilə yanaşılır, müsabiqələrdə fərqlənən şagirdləri rəğbətləndirilir. Dərnək rəhbərləri tərəfindən verilən məlumatlara əsasən tez tez müəssisədə istedadı ilə fərqlənən şagirdlərin sərgiləri təşkil olunur, onların respublika səviyyəli tədbirlərdə iştirakı təmin olunur.

-Bildiyiniz kimi bu günün gənci fərqli düşünmə tərzinə malikdir, onları meyl və maraqları da fərqlidir, sizcə müəssisənizdə fəaliyyət göstərən dərnəklər uşaq və gənclərin tələbatını ödəyə bilir?

-Maraqlı sualdır. Biz iki il öncə məktəblilər arasında “Boş vaxtını harda keçirmək istərdin” adlı anket sorğusu keçirmişdik. Şagirdlərin böyük əksəriyyəti internet klublarda cavabını vermişdi. Belə olan halda bir sual ortaya çıxır. Biz məktəbdənkənar müəssisələrin işini necə qurmalıyıq ki, necə etməliyik ki, uşaqlar boş vaxtlarını internet klublarda  deyil məktəbdənkənar müəssisələrdə keçirmək istəsinlər. Bunun bir cavabı var. Biz çalışırıq ki, dərnəklərin keçirilməsinə verilən tələblərin öhdəsindən layiqincə gələk, və düşünürəm ki, biz buna nail olmuşuq.Keçirdiyimiz tədbirlər, müsabiqələr, sərgilər şagirdlərin böyük marağına səbəb olur. Müxtəlif tədbirlərin təşkilindəki bilavasitə iştirakı onların əməkdaşlıq, məsuliyyətlilik, araşdırma bacarıqlarının və media-savadlılıq dərəcəsinin artmasına mühüm təsir göstərir. Bununla yanaşı dərnək və qruplar cəmiyyətdə ilkin sosial birliklər rolunu oynayır ki, bu da ölkəmizin gələcək mədəni mühitini formalaşdırır.

Bir az da uğurlarınızdan danışaq

– Demək olar ki, hər il dərnək üzvlərimiz respublika səviyyəli tədbirlərdə iştirak edərək fərqlənmişlər. Məsələn, 2017-ci ilin dekabr ayında “Azərbaycan Dramaturgiyası dünən və bu gün” Uşaq və Gənclərin I Respublika Dram Müsabiqəsində  “Ana yurdum Azərbaycan”mövzusunda “Qarabağ qan yaddaşımız” kompozisiyasına görə II yerə layiq görüldük. 2017-ci ildə dərnək üzvü Rzayev Rəşid Əfqan oğlu “Fövqəladə hallar uşaqların gözü ilə” VII Respublika uşaq yaradıcılıq müsabiqəsində “Əl işi” nominasiyası üzrə III yerə layiq görülüb. “Doğma diyar” Respublika uşaq rəsm müsabiqəsində fəal iştirakına görə Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinə təşəkkürnamə verilib. 23 fevral 2018-ci ildə “Şəhid şəhər” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisində iştirakına görə Qocayeva Fəridə Anar qızı təltif olunub. 2018-ci ilin mart ayında Qax rayon Uşaq-Gənclər İnkişaf  Mərkəzinin ”Tumurcuq” rəqs kollektivi AXC-nin 100 illiyinə həsr olunmuş “Ölkəmizin rəqs çələngi” Respublika Uşaq Rəqs Festivalı Müsabiqəsində “Milli rəqs” nominasiyası üzrə təltif edilib. 2018-ci il 20 dekabrda “Fövqəladə hallar uşaqların gözü ilə” VIII respublika uşaq yaradıcılıq müsabiqəsində “Əl işi” nominasiyası üzrə Hacımahmud Mahmudov  I yerə,  Ayxan Avdizadə I yer, Kaxaber Papiaşvili “Rəsm” nominasiyası üzrə III yerə layiq görülüb.

-Uğur formulunuzu bizimlə bölüşərdiniz

– Ümumiyyətlə son dövrlərdə məktəbdənkənar müəssisələrə dövlət qayğısı hiss olunmaqdadır ki, bu da bizi  işləməyə, yaradıcılığa ruhlandırır. Məsələn 2014-cü ildə cənab prezidentimizin sərəncamı ilə “Tərəqqi” medali ilə təltif olunmuşam. 2018-ci ilin mart ayında Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” adlı konfrans keçirilmişdir və mənə də həmin konfransda etimad göstərilərək “Qax rayon Uçaq-Gənclər İnkişaf Mərkəzində işin təşkili” mövzusunda çıxış verilmişdir. Bütün bunlar bizim məsuliyyətimizi ikiqat artıtır. Uğur formulumuz isə yalnız məsuliyyətlə və vicdanla öz işinin öhdəsindən gəlməyə çalışmaqdır.

-Son sözünüz

-Fəaliyyətimizdə bizə yaxından köməklik göstərən, daim dəstək olan Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Hal-hazırda müəssisəmizdə böyük ruh yüksəkliyi ilə  “Məktəblilərin Respublika  Yaradıcılıq Festivalı”na hazırlaşırıq.  Ümid edirəm ki, bu müsabiqədə də uğur qazana biləcəyik.