Qax Rayon Statistika İdarəsi: “Ötən il Qaxda 601 yeni iş yeri açılıb”

14:25 | 25 Yanvar, 2019

2018-ci ildə Qax rayonunda 601 yeni, daimi iş yeri açılıb. İş yerlərinin 60-ı yeni açılan, 165-i mövcud, 39-u fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 337-si isə fiziki şəxslərdə yaradılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, əhalinin məşğulluğunun təmin edilməsində rayonda yeni fəaliyyətə başlayan aqropark, həmçinin “Monto-Ferro”, “Ata-baba fabrika”, “Qafqaz Beer Co” məhdud məsuliyyətli cəmiyyətlərə məxsus müəssisələr əsas rol oynayıb.

Ümumiyyətlə, regionların inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarında, həmçinin regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası nəticəsində son 10 ildə Qax rayonunda 4122-si daimi olmaqla, 4567 yeni iş yeri açılıb.