Qaxlı şair Giya Paçxataşvilinin ən son şeirləri

02:27 | 27 Yanvar, 2019

— Zarafat —
Xəzərdə bulmayın mirvariləri –
Onları sularda tapammazsınız.
Ələk-vələk edib dərinlikləri,
Bu ləli görüb də qapammazsınız…

Gecələr olaraq “Allaha dair”
Onları Təbrizə apardı şair.
“Qiymət”li gözləri həmən aldılar,
Yerinə sap-sağlam “baxış” saldılar.

Bu gerçək mürgülü hissi ayıltdı…
Şeirin Mirvarisi geri qayıtdı.

26.01.2019

— Özüm —-
Cavan
ola bilmərəm deyə
Qocalıram. . .
Alçaqları yendirməklə
Ucalıram.
… Beləcə
əzraildən “oğurlayıb saqqızı “,
Qarşılayıram
Altmışıma aparan
Əlli Səkkizi.

25.01.2019

—- Sən-Mən —
Sən başını başıma söykə,
Yaransın “Sevgi” adlı ölkə…
İnsanların üstünü alsın
Tanrı Böyüklüyündə kölgə…
Rəhm, Ədalət dirildi bəlkə.

Sən ürəyini ürəyimə daya,
Nura bələnsin dünya…
İşıqdan gözləri tutulsun zülmətin,
“Danko” çırağı sülhə aparsın milləti.

…Və mən duyub bu dayağı,
Sancım ürəyimə
Eşqdə dalğalanan enməz bayrağı…
Oyansın maraq – yaşamaq Marağı.

Sevginə söykəyim sevgimi…
Və bir cüt göyərçin kimi
Yerin üstüylə uçaq –
Barış paylayaq qucaq-qucaq,
Saflığı, düzlüyü qucaq.
Və bizdən dünyaya
Yaxşılıq qalsın ancaq…

Əvəzləsin
Minalanmış sahələri,
Savaşın “doğduğu” qəbirləri
Solmayan Gülüstan…
Yazılsın
“Sən – Mən” adlı
Əbədi dastan.

21.01.2019

Facebookda şərh edin