Azərbaycan tarixinin daha bir səhifəsi: Şamilqalanı kim tikdi, kimə qaldı? – Fotoreportaj

11:37 | 28 Yanvar, 2019

Azərbaycanda memarlıq üslubuna görə fərqlənən qalalardan biri də Şamilqaladır.

Şamilqala Qax rayonunun tarixi abidələrlə zəngin olan məşhur İlisu kəndində, Yazlıq dağının üstündə inşa edilib.

Yerli çay daşlarından və əhəngdən istifadə edilməklə tikilən qala iki yarusdan ibarət olub, üstü dəmir örtüklə bağlanıb. Lakin indi nə döşəmə, tavan, nə də dam örtüyü qalıb. Hərbi istehkamda iki növ mazğal var – top (birinci mərtəbədə) və tüfənglərdən (ikinci mərtəbədə) atəş açmaq üçün. Dairəvi formada olan qalanın hündürlüyü təqribən 10 metr, diametri 7.4 – 9.2 m-dir, divarlarının qalınlığı isə 1 m-ə yaxındır.

Qala strateji baxımdan çox əlverişli yerdə tikilib: buradan çox geniş əraziləri, o cümlədən İlisuya gələn bütün yolları, Dağıstan istiqamətini, Sarıbaş kəndinə və indi rayon mərkəzinə gedən yolları rahat müşahidə etmək, nəzarətdə saxlamaq mümkündür. Mənzərəyə isə söz ola bilməz.

Qalanın tikilmə tarixi XIX əsrin ortalarına təsadüf edir. Şamilqalanın rus qoşunları tərəfindən inşa olunduğu bildirilir. Məqsəd dağlıların milli azadlıq hərəkatına qarşı hərbi əməliyyatlar çərçivəsində ətrafı geniş müşahidə etmək, həmçinin onların Dağıstan tərəfdən hücumlarından qorunmaq idi. Buna görə qalaya həm də gözətçi qalası deyirlər.

Lakin bəzi rus mənbələrində qalanın İlisu sultanı II Əhmədxan tərəfindən 1800-cü illərin əvvəllərində tikildiyi qeyd olunur.

1803-cü ildə əmisi Xanbaba bəyi devirərək 1830-cu ilədək İlisu sultanı olan II Əhmədxan Car-Balakən camaatlığından asılılığa son qoymaq üçün çar Rusiyasının vassallığını qəbul etmək istəyir. Bu məqsədlə sultanlığın ərazisinə qoşun yeritmək istəyən general Sisianovla sülh müqaviləsi bağlayır. İlisuda “rus qalası” adlandırılan 3 qala (Şamilqala, Qalaməhəllədəki qala və Qaxbaşdakı Həsənxan qalası) da məhz II Əhmədxan tərəfindən rus qoşunları üçün hərbi istehkam kimi ucaldılır. Söz yox ki, qalalar, xüsusən də Şamilqala inşa olunarkən o dövrün rus hərbi mühəndislərinin təcrübəsi əsas götürülüb. Elə qalaların tikintisində də yüzlərlə rus əsgəri iştirak edib.

Qeyd edək ki, çar qoşunlarının tərkibində hərbi yürüşlərdə İlisu süvarilərinə başçılıq edən, qvardiya polkovniki rütbəsinə yüksələn II Əhmədxandan fərqli olaraq oğlu, sonuncu İlisu hakimi Danyal sultan (şəkildə) Şeyx Şamilin rəhbərlik etdiyi azadlıq hərəkatına qoşulub. Düzdür, ilk illərdə atasının siyasətini davam etdirərək çar Rusiyasına xidmət edən Danyal sultan 3-cü dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif edilmiş, general-mayor rütbəsinə yüksəlmişdi. Lakin Car üsyanı yatırılandan, Car-Balakən camaatlığının daxili muxtariyyəti məhdudlaşdırılandan sonra növbə İlisu sultanlığına da çatır. Danyal sultan isə bu şərtlərlə razılaşmır, daha sonra Qafqaz canişininin Şeyx Şamilə qarşı hərbi yürüşdə iştirak etmək tələbini rədd edir və Şamilin tərəfinə keçir, dağlıların milli azadlıq hərəkatı tənəzzülə uğrayana qədər çar Rusiyasına qarşı mübarizə aparır.

Maraqlıdır ki, bu qala sonradan Şeyx Şamilin də başçılıq etdiyi dağlıların qoşunlarına qarşı hərbi baza kimi tikilərək istifadə olunsa da, istehkamın əsasən Şamilqala adlandırılması, görünür, yerlilərin Şeyxə rəğbətindən irəli gəlirdi.

Azərbaycan tarixinin belə maraqlı, təlatümlü dövrünə şahid olmuş Şamilqalanın indiki acınacaqlı vəziyyətinə şahid olmaq isə daha ağırdır. Müşahidə məntəqəsinin ikinci mərtəbəsi, üst hissəsi dağılıb. Yalnız divarları qalan qalanın üstünə çıxmaq isə məsləhət deyil, çünki demək olar ki, ayağını qoyduğun hər daş parçası laxlayır, tökülür.

Aidiyyəti dövlət qurumlarının abidənin acınacaqlı vəziyyətini nəzərə alaraq burada bərpa-bərkitmə işlərinə başlayacaqlarına ümid edirik.

(c) Bəxtiyar Hacıyev, Trend İA