Qaxın fındıq bağlarında aqrotexniki tədbirlərə başlanılıb

12:45 | 29 Yanvar, 2019

Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Qax rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdən biri sayılır. Dövlətimizin başçısının bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Qax rayonunda davamlı iş aparılır. Ötən il rayon ərazisində 601 hektarda yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 9900 hektara yaxındır. Bu bağların 6228 hektarı barverəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlətin bu sahəyə dəstəyindən ruhlanan bağ sahibləri fındıq istehsalını artırmaq üçün son illər aqrotexniki tədbirlərə daha çox diqqət ayırırlar. Bu da təbiidir. Bol məhsul götürmək üçün bağlara yaxşı qulluq olunmalıdır. Havaların isti keçməsindən istifadə edən kənd sakinləri fındıq bağlarında budama işlərinə də başlayıblar. Eyni zamanda, bağlara üzvi gübrə verilir, suvarılır.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, ötən il fındıq bağlarından 4800 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 650 ton artıb.

Facebookda şərh edin