Hacı Muradın kəlləsi onun Qax rayonundakı məzarında dəfn ediləcək

20:23 | 29 Yanvar, 2019

Rusiya Dövlət Dumasının deputatı Camaludin Ömərov tarixi və ədəbi qəhrəman Hacı Muradın kəlləsinin alınmasına icazə verilməsi məsələsində koordinatoru olduğu Komitəyə köməklik göstərdiklərinə görə Duma rəhbərliyinə və prezident V.Putinə sosial şəbəkələr vasitəsilə öz təşəkkürünü bildirib.
“Lev Tolstoy irsi və Dağıstan” İctimai Komitəsi Hacı Muradın Peterburqda Kunstkamerada saxlanılan kəlləsinin qaytarılmasına nail olmağa çalışır. Hacı Muradın başsız cəsədi Azərbaycanda Qax rayonu ərazisində Bakı və Balakən avtomobil yolunun kənarında dəfn edilib.
2012-ci ildə ölkə prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy Dağıstana Lev Tolstoyun abidəsinin açılışına gəlib. Ondan “Hacı Muradın qalıqlarının birləşdirilməsi” xahiş edilib. 2012-ci ildə V.Tolstoy Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar apararaq onun dəstəyini alıb.
“Azərbaycan prezidenti yardım göstərəcəyini vəd etdi”, – C.Ömərov Mahaçqalada mətbuat konfransında bildirib.
Komitə üzvləri yardım üçün Müsəlmanların Dini İdarəsinə, Dağıstan müftilərinə müraciət ediblər. “Biz Hacı Muradın qalıqlarının yenidən dəfn edilməsi məsələsini müzakirə etdik. Bilmək istəyirdik ki, qalıqları Xunzaxda yenidən dəfn etmək olar, ya yox. Ancaq bizə dedilər ki, bunu etmək lazım deyil “, – C.Ömərov qeyd edib.
“Hacı Muradın nəsli “onun qalıqlarının birləşdirilməsini arzu edib”, – Hacı Muradın nəslinin nümayəndəsi Maqomedarip Hacımuradov mətbuat konfransında bildirib.
 
“Mənim babam Bədavi hər il at ilə aşırımı keçərək öz atasının ziyarətə gəlirdi, orada məzarüstü lövhə qoymuşdu. Bütün nəsli Hacı Muradın kəlləsinin dəfn olunmasını istəyirdi. Ancaq bunu edə bilməmişdilər. Bu arzu nəsildən nəslə ötürülüb. 1992-ci ildə mən bu işlə məşğul olmağa başladım. İndi də istəyirəm ki, mən bu dünyadan köçməzdən öncə bu arzu həyata keçsin”, – M.Hacımuradov bildirib.
Şamilin naibinin nəsli Hacı Muradın kəlləsinin qalıqları ilə birlikdə Azərbaycandakı məzarında dəfn edilməsini istəyir. Hacı Muradın cəsədi Qax rayonunun Tanqıt kəndində dəfn edilib.
Tarixçi Məcid Mehraninin sözlərinə görə, hələ 1957-1958-ci illərdə tanınmış azərbaycanlı arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyilə bir qrup alim sübut etmişdi ki, məzardakı Hacı Muradın cəsədidir. Sübut edilmişdi ki, məzarda başsız insan dəfn edilib. Ötən əsrin 80-ci illərində alimlər yenidən bu məsələnin öyrənilməsinə qayıtdılar, qalıqların müayinəsini apardılar və bir daha bildirdilər ki, məzar Hacı Murada aiddir.
Qafqaz dağlılarının azadlıq mübarizəsinin qəhrəmanı Hacı Murad Dağıstanın Xunzax kəndində anadan olub. O, Qafqaz müharibəsi zamanı imam Şamilin naibi olub. Lakin 1851-ci ildə Şamil və onun naibi arasında nifaq yaranıb. 1851-ci il noyabrın 23-də (5 dekabr) Hacı Murad Çeçenistana qaçıb və çar hökumətinin tərəfinə keçib. Çar hökuməti Hacı Muradın dağlılar arasındakı populyarlığından istifadə edərək onları öz tərəfinə çəkməyi düşünürdü. Lakin 1852-ci ilin aprelində Hacı Murad ruslara etibar etmədiyinə görə dağlara qaçıb və 1852-ci il aprelin 23-də (5 may) Nuxa yaxınlığında (Azərbaycanın indiki Şəki şəhəri) atışma zamanı öldürülüb. L.N.Tolstoyun “Hacı Murad” povesti Şamilin naibinin həyatının sön dövrünə və ölümünə həsr olunub, Hacı Muradın tərcümeyi-halında qeyd olunur. (Turan.az)