“2018-ci il Qax gəncləri üçün əlamətdar və yaddaqalan olub” – Gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov

01:09 | 1 Fevral, 2019

Azərbaycan Respublikasında gənclərlə iş sahəsinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb olunması, onların istək, rəy və təkliflərinə böyük önəm verilməsi dövlətin gənclərə qayğısının, bu yöndə apardığı siyasətin bariz nümunəsidir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 2 fevral – Azərbaycan Gəncləri Günü Qax rayonunda da qeyd olunur.

Əlamətdar gün münasibətilə yanvarın 31-də Qax şəhərində keçirilən toplantının iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək, 2018-ci ilin Qax gəncləri üçün əlamətdar və yaddaqalan olduğunu bildirib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Bildirilib ki, qaxlı gənclər bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Bu da təsadüfi deyildir. Onlar 2018-ci ildə rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirib, təhsil, idman, incəsənət və digər sahələrdə yüksək uğurlar qazanıb, milli-mənəvi dəyərlərimizin qorunmasına öz layiqli töhfələrini veriblər.

Vurğulanıb ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Gənclik öz həyatını qurarkən, ilk növbədə, müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.

Gəncləri əlamətdar bayram münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladıqları fərman və sərəncamların, qəbul edilən dövlət proqramlarının yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar açdığını bildirib.

Toplantıda çıxış edənlər ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.