Xalqımızın qədim adət-ənənələrini folklor örnəklərində qoruyub saxlayan etnos – ingiloylar

02:42 | 4 Fevral, 2019

Qafqaz Albaniyası etnoslarından birinin nəsilləri olan ingiloylar hazırda Azərbaycanın şimal-qərb bölgəsində – Qax, Zaqatala və Balakən rayonlarında yaşayırlar. Onların az bir hissəsi isə Türkiyə və Gürcüstanda məskunlaşıb. İngiloyların əksəriyyəti müsəlman, bir qismi isə pravoslavdır.

Şəki-Zaqatala bölgəsi etnik-dini rəngarəngliyi ilə seçilən bir ərazi olduğundan, bu bölgədə yaşayan xalqların və etnik qrupların folklor örnəklərinin tədqiqi də daim insanların marağına səbəb olub. Tədqiqatlar göstərir ki, bu ərazidə yaşayan xalqlar və etnik qruplar, o cümlədən ingiloylar xalqımıza məxsus qədim adət-ənənələri folklor örnəklərində qoruyub saxlayıb, eyni zamanda, bəzi folklor nümunələrimizə öz rəng çalarlarını qatmaqla, möhürlərini qoymaqla bu örnəkləri özününküləşdiriblər.

Zaqatala rayonunun Əliabad qəsəbəsində doğulan, əslən ingiloy olan gənc alim, tarix üzrə fəlsəfə doktoru Şirinbəy Əliyev (Hacıəli) neçə illərdir ki, ingiloyların mənşəyi, adət-ənənələrinin tədqiqi ilə məşğuldur. Gənc tədqiqatçı AZƏRTAC-ın müxbiri ilə söhbətində ingiloyların tarixi, folkloru və adət-ənənələri barədə bəzi məsələlərə aydınlıq gətirib.

İngiloylar Qafqaz Albaniyasının tərkibinə daxil olan qədim gel tayfasının varisləridir

Müsahibimiz bildirib ki, ingiloyların tarixi uzun illər ciddi şəkildə təhrif olunub. İki yüz illik rus imperiyası dövründən başlayaraq ingiloyları tarixşünaslıqda səhvən gürcü kimi təqdim etməyə çalışıblar. Əslində isə ingiloylar heç də gürcüdən dönmə və ya islamı qəbul etmiş törəmə əhali deyil. Onlar Qafqaz Albaniyasının tərkibinə daxil olan və beləliklə də Azərbaycanın etnosiyasi tarixinin ayrılmaz tərkib hissəsi olan qədim gel tayfasının varisləridirlər.

Alim bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra son 20-25 ildə aparılan elmi tədqiqatlar nəticəsində, xüsusilə AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun rəhbərlik etdiyi elm ocağının gərgin əməyi sayəsində Şimal-Qərbi Azərbaycanın tarixi araşdırılıb, yenidən işlənilib və reallıqlar üzə çıxarılıb. Tədqiqatlardan məlum olub ki, ingiloylar 2 min illik tarix boyunca Alazan-Həftəran vadisində, Böyük Qafqaz dağlarının cənub yamacında elliklə məskunlaşmış bir etnosdur. İngiloylar hər hansı konfessisonal əhali qrupu deyil, qədim gel tayfasının müasir dövrdə davamçılarıdır.

Yazın gəlişini bildirən Qorqot bayramı Novruz bayramının bir çox elementlərini özündə əks etdirir

Tədqiqatçının sözlərinə görə, ingiloyların müstəqil etnos olduğunu sübut edən ən mühüm amil onların sahib olduğu zəngin folklordur. İngiloylar öz maddi və mənəvi mədəniyyətləri, folkloru ilə həm gürcülərdən, həm də bölgədə yaşayan digər etnoslardan seçilirlər. İngiloyların yazın gəlişi ilə əlaqədar qeyd etdikləri Qorqot bayramı Azərbaycanda, eləcə də İran, Orta Asiya respublikaları və digər ölkələrdə qeyd olunan Novruz bayramının bir çox elementlərini özündə əks etdirir, eyni zamanda, özünəməxsusluğu ilə də seçilir.

Şirinbəy Hacıəli deyir ki, Qorqot ingiloyların ən böyük el bayramı hesab olunur. “Qorqot” ingiloyca “durna” deməkdir. Durnaların gəlişi ilə yaz fəsli gəlir, təbiət oyanır. Daha bir oxşar cəhət: İngiloylar Novruzda olduğu kimi, Qorqot bayramında da səməni cücərdirlər. Qorqot bayramının Novruzdan fərqli cəhəti isə ondadır ki, ingiloylarda bu bayram beş, yeddi, bəzən on günədək, yəni martın axırı, aprelin əvvəllərinədək davam edir. Bayram bir gün elliklə qeyd olunur. Sonrakı günlərdə isə yaşlı nəslin nümayəndələri, cavanlar və uşaqlar bayramı ayrı-ayrılıqda qeyd edirlər.

“Dambudam danqni” rəqsi və yaxud ingiloy yallısı

İngiloy folklorunun mühüm cəhətlərindən biri də bu dildə bayatıların, laylaların, şeirlərin yazılmasıdır. Digər etnik qruplardan fərqli olaraq, ingiloyların folklor nümunələrində Azərbaycan dilində qafiyələrin olması diqqəti cəlb edir. Bəzən müəlliflər Azərbaycan dilində yazdıqları şeirlərin son möhür hissəsində ingiloy ləhcəsindən də istifadə edirlər. Məsələn, əliabadlı Aşıq Hüseyn digər aşıqlardan həm Azərbaycan, həm də ingiloy dilində yazıb ifa etməsi ilə fərqlənərdi. Aşıq bəzi şeirlərinin möhür hissəsinə “Əliabadel Hüseynavar”, yəni “Əliabadlı Hüseynəm” imzasını atırdı.

Müsahibimiz bildirib ki, ingiloyların folklor nümunələri arasında “Dambudam danqni” rəqsini xüsusi qeyd etmək lazımdır. Tipik yallı ritmində oynanılan bu rəqsi ingiloyların yallısı da adlandırmaq olar. Rəqsin ritmi kos nağaranın ritmindən götürülüb. Rəqsin elementləri sanki dingdə darının, düyünün döyülməsini xatırladır.

İngiloyların maraqlı toy adətləri

İngiloyların toy adətləri də Azərbaycan xalqının toy adətlərini xatırladır. Lakin bu adətlərdə ingiloyların özlərinə məxsus bəzi elementlər də var. Məsələn, ingiloylarda qızı heç vaxt şəklə baxmaqla bəyənməzdilər. Qız bəyənmə mütləq bulaq başında olardı. Qızlar çiyinlərində səhəng bulaq başına gedər, oğlanlar da onları görüb bəyənərdilər. İngiloylarda elçiliyə getmək məsələsində də maraqlı məqamlar var. Bu zaman mütləq nəslin ağsaqqalına müraciət edilər və razılıq yalnız üçüncü dəfədən sonra əldə olunardı. Qız evinə elçiliyə gedən kişilər ciblərinə mum qoyub yumşalda-yumşalda gedərdilər ki, qız evini də beləcə yumşaltsınlar. Elçiliyə, eyni zamanda, qırmızı alma ilə gedilərdi. Alma bütöv geri qayıtsa, deməli qız evi razı deyil. Əgər alma bölünüb gəlsə, deməli razılıq vardır.

Qeyd edək ki, yaşlı nəslin nümayəndələri indi də hökmən bu ənənələrə əməl edirlər. Bəzi cavanlar da onlardan görüb-götürürlər.

Ümumiyyətlə, bölgədə yaşayan xalqlar və etnik qruplar arasında ortaq ənənələr, ortaq mədəniyyət, ortaq dəyərlər indi də özünü göstərməkdədir və bu örnəklər vahid Azərbaycan folklorunun tərkib hissəsidir.

Facebookda şərh edin