Qaxlı şairə Solmaz Elqızının seçilmiş şeirləri

12:03 | 4 Fevral, 2019

SİZİNLƏ GÖRÜŞƏ QAXDAN GƏLMİŞƏM

Bağrıma basıram hər birinizi,
İnanın,çox sevdim saf qəlbinizi.
Allahım güldürsün gül üzünüzü,
Bilin ki,a dostlar haqdan gəlmişəm,
Sizinlə görüşə Qaxdan gəlmişəm.

Vuruldum sənətə,vuruldum sözə,
Heç zaman özümü soxmadım gözə.
Gecəni qataraq hər an gündüzə,
Bilin ki,a dostlar haqdan gəlmişəm,
Sizinlə görüşə Qaxdan gəlmişəm.

Sənət aləminin sehrinə düşdüm,
Günlərə,aylara,illərə düşdüm.
Yazdığım sözlərlə dillərə düşdüm,
Bilin ki,a dostlar haqdan gəlmişəm,
Sizinlə görüşə Qaxdan gəlmişəm.

Solmaz Elqızıyam,sözüm var mənim,
İçimdə odum var,közüm var mənim.
Sənət dünyasında özüm var mənim,
Bilin ki,a dostlar haqdan gəlmişəm,
Sizinlə görüşə Qaxdan gəlmişəm.

Gözəldir Qaxımın suyu,havası,
Onun gözəlləri ceyran balası.
Tarixi yaşadır hər bir qalası,
Bilin ki,a dostlar haqdan gəlmişəm,
Sizinlə görüşə Qaxdan gəlmişəm.

Bununla sözümü tamamlayıram,
Sizi xoş günlərə soraqlayıram.
Hər kəsi ürəkdən alqışlayıram,
Bilin ki,a dostlar haqdan gəlmişəm,
Sizinlə görüşə Qaxdan gəlmişəm,
Sizlərlə görüşə QAXDAN gəlmişəm!

*****

BU DÜNYANIN SİRLƏRİNİ

Nə olubdur,mən bilmirəm?!
Sevinmirəm,güləmmirəm.
Nədəndir,bilə bilmirəm?!
Bu dünyanın sirlərini.

Haqq-ədalət talan olub,
Çəki,ölçü yalan olub.
Rüşvət ilə alan alıb,
Bu dünyanın sirlərini.

Gül yerini tikan alıb,
Yaxşıları tənha qalıb.
Düşünürəm fikrə dalıb,
Bu dünyanın sirlərini.

Solmaz deyir,belə olmaz,
Dərd yoxdursa,ölən olmaz.
Belə getsə,bilən olmaz,
Bu dünyanın sirlərini.

Ay da çıxar,gün də doğar,
Hər tərəfə o nur saçar.
Ulu Tanrım bir gün açar,
Bu dünyanın sirlərini..

*****

NAÜMİD QALIBDI QƏLƏMİM MƏNİM

Tərpənmir qələmim,yazmayır daha,
Axı o,dözməyir naləyə,aha!!!
Görən ümid varmı,nurlu sabaha?!
Naümid qalıbdı qələmim mənim.

Əyninə geyindik biz əcəl donu,
Heç yerdə qalmasın bir şəhid qanı!!!
Ey Tanrım,yoxdurmu bu işin sonu?!
Naümid qalıbdı qələmim mənim.

Analar,bacılar boynu bükükdü,
Qüssədən qəlbimiz dəlik-dəlikdi!!!
Görən torpağımız kimlə şərikdi?!
Naümid qalıbdı qələmim mənim.

Kimsənin payında olmadı gözüm,
Allahım,sən bizə ver böyük dözüm!!!
Çatsın ünvanına bu doğru sözüm,
Naümid qalıbdı qələmim mənim.

VƏTƏN ürəyimiz,VƏTƏN qəlbimiz,
Heç kəsə pay deyil,bu VƏTƏNİMİZ!!!
Göylərə ucalsın qoy,haqq səsimiz,
Naümid qalmasın qələmim mənim,
Naümid qalmasın qələmim mənim!!!

*****

İLİSU

Doğulmuşam uca dağlar qoynunda,
Şan-şöhrətim,şərəfimdi İlisu.
Bil,xainlik olmayıbdı canında,
Tarix boyu mərd dayanıb İlisu.

Sultanların qanı vardır qanında,
Alimlərin hörməti var adında.
Qalacaqdır tarixin yaddaşında,
Sultan,alim,şair kimi İlisu.

Sıralanıb neçə-neçə məhəllə,
Qaradolaq,Bacar,Dabağ məhəllə.
Bucaq məhlə,Səngər məhlə var hələ,
Birləşibdi yumruq kimi İlisu.

Tovlatala əsrlərlə qoşadır,
Ulu körpü tarixini yaşadır.
Sumu Qala dünyaya tamaşadır,
De,harda var belə qüdrət,İlisu?!

Hamamçayı qonaqların şah yeri,
Ramramayı əsrlərin haqq yeri.
Mənim kəndim,bil,Tanrının and yeri,
De,harda var bu əzəmət,İlisu?!

İnsanları qeyrətlidi əzəldən,
Zəhmət ilə yaşayırlar ta qədimdən,əzəldən.
Qız-gəlini çox gözəldi,hər bəzəkli gözəldən,
De,kimdə var bu ləyaqət,İlisu?!

Pay ummadı bir kimsədən heç zaman,
Tanrım deyib,ey İlisum,şən dayan.
Əsrlərin yadigarı bil ki,sənsən mərd dayan,
Bəsdi sənə bu şan-şöhrət, İlisu.
Bəsdi sənə bu şan-şöhrət İlisu!

*****

ŞƏHİD OLMAQ İSTƏYİRƏM

Sonsuz kədər hər bölgədə,
Dözmək olmur ağır dərdə.
Şəhidlərlə bir cərgədə,
Şəhid olmaq istəyirəm.

Salatınla,Ülvim ilə,
İlhamımla,Fərizəmlə,
Qoşa qalmaq istəyirəm,
Şəhid olmaq istəyirəm.

Zaman keçir ayla,illə,
Mən sirdaşam qara günlə.
Qadir Allah məni dinlə,
Şəhid olmaq istəyirəm,
Şəhid olmaq istəyirəm!

*****

AĞLAMA XOCALIM,DİK TUT BAŞINI!

Dinc şəhər əhlinə hücum edildi,
Bu kişilik deyil,nakişilikdi.
Misli görünməmiş bir vəhşilikdi,
Ağlama Xocalım,dik tut başını!

Körpə fidanların nəymiş günahı?!
Aləmi bürüdü ana fəryadı.
Necə qudurğanmış amansız yağı?!
Ağlama Xocalım,dik tut başını!

Ağlama Xocalım,sil göz yaşını,
Bağrıma basıram hər qarışını.
Xalqım unudarmı qan yaddaşını?!
Ağlama Xocalım,dik tut başını!

Ağlama Xocalım,ağlama,dayan!
Sənin mərd duruşun dünyaya bəyan.
Düşmənin yuvası olsun vay-viran,
Ağlama Xocalım,dik tut başını!

Sənin mərd qızların,oğulların var,
Dünyanı mat qoyan dəyanətin var.
Hələ irəlidə xoş növrağın var,
Ağlama Xocalım,dik tut başını!

Sən təxti-tacısan əbədiyyətin,
Döyünən qəlbisən şerin,sənətin.
Ölməz əsərisən bəşəriyyətin,
Ağlama Xocalım,dik tut başını!

Sən qeyrət qalamsan,göydən ucamsan,
İnləyən kamanım,coşan sazımsan.
Azəri türkünün qan yaddaşısan,
Ağlama Xocalım,dik tut başını,
Ağlama Xocalım,dik tut başını!!!