Qaxın tanınmış insanlarını tanıyaq və tanıdaq: 7 dəfə Azərbaycan çempionu, 3 dəfə dünya çempionu Asif Sayadov

00:16 | 7 Fevral, 2019

Asif Məmmədhənifə oğlu Sayadov 01.06.1977-ci ildə Qax rayonunun İlisu kəndində doğulmuşdur. Orta təhsilini VII sinfə qədər Nizami adına İlisu kənd orta məktəbində və sonrakı illəri Qax rayon Olimpiya idman məktəbində davam etdirmişdir. XI sinifi bitirdikdən sonra ali məktəbə qəbul olunmuş və 1999-cı ildə Bakı Biznes Universitetinin “iqtisadçı-hüquqşünaslıq” fakultəsini bitirmişdir. 2009-cu ildə ikinci ali məktəbə – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. Hələ uşaq yaşlarından idmanın karate, boks, sambo, sərbəst güləş və kiqboksinq növləri ilə məşğul olmuş və tələbəlik illəri dövründən başlayaraq Kunqfu- Sanda və Vin Çun növü ilə məşğul olmağa başlamışdır.
Nailiyyətləri:
7 dəfə azərbaycan çempionu 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001.
Beynəlxalq turnirin qalibi, 1998-ci il Türkiyə
Dünya çempionatının bürünc mükafatçısı 2000-ci il Çexiya
Dünya çempionatının gümüş mükafatçısı 2002-ci il İtaliya
Dünya çempionu 2003-cü il İran
Dünya çempionu 2004-cü il İtaliya
Avrasiya çempionatının qalibi 2005-ci il Gürcüstan
Dünya çempionatının gümüş mükafatçısı 2006-cı il Türkiyə
Dünya döyüş növləri üzrə Beynəlxalq Festivalın qalibi 2007-ci il Rusiya
Dünya çempionu 2009-cu il Misir.
Asif Sayadov peşəkar döyüşçü olması ilə yanaşı həm də bu sahədə təcrübəli məşqçi kimi tanınmaqdadır. Onun tələbələri arasında artıq 15 yeniyetmə dünya çempionatının qalibləridirlər. Bu nailiyyətlərə görə Asif Sayadov Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarı ilə Şərq döyüş növləri üzrə “Respublikanın əməkdar məşqçisi” fəxri adına layiq görülmüşdür.
2010-cu il tarixindən Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasında hakimlər kollegiyasının sədri, Sanda üzrə baş məşqçi və həmçinin Bakı Biznes Universitetində fiziki tərbiyə üzrə baş müəllim vəzifəsində çalışır. Eyni zamanda Asif Sayadov “Beynəlxalq İp Man Vingçun-Kungfu Assosiasiyası”-nın Azərbaycan üzrə baş-instruktoru və Respublikamızda fəaliyyət göstərən “Ving Çun – Real döyüş sənəti İdman klubu” MMC-nin təsisçisi və rəhbəridir.