Qaxdan ürək ağrıdan xəbər: “Bir ildir ki, ət yemirik, camaat kömək etməsə, acından ölərik”

21:35 | 20 Fevral, 2019

Zəyəm kənd sakini: “Yazığı gələn, sədəqə, nəzir verir, onunla dolanırıq”

“28 ildir, bu xəstəlikdən əziyyət çəkirəm. Əslində, xəstəliyimlə bağlı dərmanlar pulsuz olmalıdır, lakin həkimlər pulla satır. Mən də pul tapmıram ki, dərmanlarımın hamısını alım. Ayda 16 manat verib, birini ala bilirəm. Orada-burada ürəyim gedir, yıxılıram”.

Bu sözləri Meydan TV-yə Qax rayonu, Zəyəm kənd sakini Mirvari Musayeva söyləyir. Uzun illərdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkən şikayətçi, iki il öncə həyat yoldaşını itirib, körpə uşaqla kimsəsiz qalıb:

“Həyat yoldaşım da epilepsiya xəstəsi idi. O, öləndən sonra körpə uşaqla tək qaldım. Yığışıb, anamın yanına köçdüm. Hökumət uşağa görə 136 manat pul verir. Anamın da 74 yaşı var, yaşlı, xəstə adamdır. Aldığı 61 manat pul heç dərmanlarını almağa bəs eləmir. Kənd həkimi dərmanı yazır, öz cibimdən pul verib alıram”.

Mirvari Musayeva sosial durumunun yaxşılaşdırılmasını, dolanışığının stabilləşməsini istəyir. Deyir ki, işlə təmin olunsa, ailəsini dolandırar, heç kimə də möhtac olmaz:

“İnanmayacaqsınız, amma bir ildir ki, ət yemirik. Kənd camaatı kömək etməsə, acından ölərik. Yazığı gələn, sədəqə, nəzir verir, onunla dolanırıq. Bir qız övladım var. Mənə bir şey olsa, uşaq ortalıqda qalacaq. Dövlətdən heç bir qayğı yoxdur”.

Şikayətçi bildirir ki, işlə bağlı yerli icra orqanlarına müraciət edib. Lakin müsbət cavab almayıb:

“Qax Rayon İcra Hakimiyyəti başcısına müraciət etmişəm. Burada məktəb tikilirdi, müraciət etdim ki, məni işlə təmin etsinlər, amma etmədilər. Bircə dəfə 50 manat yardım olunub. Bununla da işlərini birmiş hesab ediblər. Hər dəfə gedəndə də deyirlər ki, sən get, iş olsa xəbər edəcəyik, amma heç nə etmirlər”.

Səhiyyə Nazirliyindən Meydan TV-yə bildirilir ki, dövlət xəstəxanalarında icra olunan istənilən müayinə və müalicə pulsuzdur. Bunun üçün vətəndaşın yaşadığı ərazi üzrə xəstəxanada qeydiyyata durması kifayət edir.

Qax Rayon Mərkəzi Xəstəxanasından da Mirvari Musayevaya qəbul şöbəsinə gələrək, qeydiyyata durmağı tövsiyə olunur:

“Qəbul şöbəsində xəstəliyin tarixi açılır. Xəstə burada yatır, müvafiq müalicəsini də alır. Qeydiyyata durduğu təqdirdə, lazım olduqca, müayinə və müalicə ilə təmin olunacaq. Pensiyaya çıxandan sonra dərmanlarını da əczaxanadan alar”.

“İcra hakimiyyəti iş verən yer deyil”, – Qax Rayonu İcra Hakimiyyətindən Meydan TV-yə belə deyilir. Bildirilir ki, işlə bağlı region üzrə Məşğulluq Mərkəzinə müraciət olunmalıdır:

“Bizə işlə bağlı müraciət edən vətəndaşları Məşğulluq Mərkəzinə yönləndiririk. Mərkəzdə qeydiyyatda duranların əksəriyyəti ödənişli ictimai işlərlə təmin edilir. Bunun üçün mütləq qeydiyyata alınmaq şərtdir. Qaxda idarələrin əksəriyyəti regionlaşıb. Belə olan halda, vətəndaşa işlə bağlı mərkəzə müraciət etməsi tövsiyə olunur. İcra Hakimiyyətinin elə bir geniş səlahiyyəti yoxdur ki, kiminsə dövlət qurumunda işə götürülməsi məsələsini həyata keçirsin. Yalnız ali təhsili olanların qeydiyyatını aparırıq, gələcəkdə lazım olanda istifadə edə bilərik”.