Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qax şəhərinin idman ictimaiyyəti ilə görüş keçirilib

12:15 | 6 Mart, 2019

Qax rayonunda 112 ilk bədən tərbiyəsi kollektivi fəaliyyət göstərir. Bu kollektivlərdə rayonun 14 min 600 nəfərə yaxın sakini müntəzəm olaraq bədən tərbiyəsi və idmanla məşğul olur. Onların 5914 nəfərini qızlar təşkil edir. Hazırda rayonda 212 idman qurğusu var. 2013-cü ildə istifadəyə verilən Olimpiya İdman Kompleksi rayonda idmanın inkişafına və kütləviliyinin artmasına mühüm töhfələr verir. Bundan əlavə, 2 futbol meydançası, 31 idman zalı, 4 atıcılıq tiri, 3 üzgüçülük hovuzu, ŞAHMAT məktəbi, 165 sadə idman qurğusu hər gün idmanla məşğul olanların ixtiyarındadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 5-də Qax şəhərində rayonun idman ictimaiyyəti ilə keçirilən görüşdə məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, 2018-ci ildə rayon idmançılarının respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlardan bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan idarə rəisi, bu istiqamətdə tədbirlərin indi də ardıcıl davam etdirildiyini, idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün məqsədyönlü iş aparıldığını bildirib.

Diqqətə çatdırılıb ki, hazırda rayonda bədən tərbiyəsi və idman sahəsində 166 nəfər ixtisaslı mütəxəssis çalışır. Onlardan 109 nəfəri ali, 57 nəfəri isə orta ixtisas təhsillidir. İdman mütəxəssislərinin 30 nəfəri qadındır. Hazırda rayonda 985 nəfər kütləvi dərəcəli idmançı var. Onlardan 10-u birinci dərəcəli idman ustasıdır.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, rayonun idman ictimaiyyətini əlamətdar bayram münasibətilə təbrik edib, idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, 5 Mart- Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonda idmanın müxtəlif növləri üzrə yarışlar keçirilib.

Facebookda şərh edin