Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

13:42 | 8 Mart, 2019

Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək.

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.

Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunacaqlar. Bununla bağlı həmin uşaqların valideynlərinə 11-12 mart tarixlərində bildirişlər göndəriləcək.

Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat mərkəzlərində aparılacaq. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Ümumilikdə elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərəcək.

2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul da elektron formada həyata keçiriləcək.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.