8 Mart gününü iş başında qeyd edən Dilarə Əhmədova: “Ölkə başçısına dərin təşəkkürümü bildirirəm”

18:11 | 8 Mart, 2019

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısı Cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan UGİM (Qax) komandasının məşqçisi, Respublikanın Əməkdar Məşqçisi Dilarə Əhmədova bayram günündə də iş başında idi. Qaxda keçirilən növbəti futbol yarışında UGİM (Qax) komandası öz qəribi ilə qarşılaşırdı.

Komandanın məşqçisi, “Tərəqqi” medallı Dilarə Əhmədovanı bayram günündə futbol meydançasında tapdıq. Dilarə xanıma yaxınlaşaraq, onun 8 Mart Gününü və medalla təltif edilməsini təbrik etdik. Dilarə Əhmədova bir-neçə dəqiqəlik oyundan fikrini ayıraraq, müxbirimizə danışdı: “Bugün də iş başındayam, UGİM (Qax) komandası rəqibi ilə gərgin oyundadır. Bu, bizim gündəlik həyatımızdır. Əsas məqsədimiz Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən idman siyasətinə öz töhfəmizi verməkdir. Bilirsiz ki, bugün ölkəmiz bütün dünyada idman və olimpiya ölkəsi kimi tanınır. Ölkə başçısı, hörmətli Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva Azərbaycanda idmanın inkişafı üçün böyük işlər görürlər. Bugün idmana və idmançılara dövlət qayğısı göz önündədir. Qadın futbolunun da inkişafı üçün böyük işlər görülür. Biz də Qax rayonunda qadın futbolunu inkişaf etdirmək üçün neçə ildir ki, çalışırıq. Bu işdə hər zaman dövlətimizin diqqət və qayğısını hiss etmişik. Ötən gün ölkə başçısı Cənab İlham Əliyevin məni “Tərəqqi” medalı ilə təltif etməsi bizim kiçik işimizə verilən böyük qiymətdir. Bu, bizim üzərimizə həm də yeni məsuliyyət qoyur. Odur ki, hər gün yorulmadan çalışaraq, qadın futbolunu daha da inkişaf etdirməli və ölkə başçısının etimadını doğrultmalıyıq.”

Sonda Azərbaycanda qadınlara yaradılan şəraitdən söz açan Dilarə Əhmədova bu sahədə dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və onun sədri Hicran Hüseynovaya da dərin təşəkkürünü bildirdi.