Qaxda polislər qanvermə aksiyasında iştirak ediblər

19:51 | 11 Mart, 2019

Qax rayonunda polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər.

Bu barədə “Report”un Şimal-qərb bürosuna DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə Qax Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.

“Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Qax rayon Polis şöbəsinin şəxsi heyəti fəal iştirak edib. Onlar bu kimi xeyriyyə tədbirlərinin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir insanın vətəndaşlıq borcu olduğunu bildiriblər.

Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiriliblər, sonra isə qan vermək üçün masalara yaxınlaşıblar.

Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.