“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində növbəti tədbir Qaxda reallaşıb

23:09 | 18 Mart, 2019

Gənclər xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan şəxslərin şərəfli həyat yolunu daha yaxından tanımalıdırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Qax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində martın 18-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən maarifləndirici tədbirdə səsləndirilib.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəzirməhəmməd Nəsirov qonaqları salamlayaraq, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından belə maarifləndirici tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi daşıdığını diqqətə çatdırıb. Nazirliyin təmsilçisi bildirib ki, indiyədək respublikamızın bir sıra bölgələrində uğurla həyata keçirilən layihənin əsas məqsədi yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etməsi, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız haqqında ətraflı məlumat verməkdir.

Aprel döyüşlərinin iştirakçısı Əhliyət Mehdiyev və Qarabağ qazisi İslam Əzimov çıxışlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın şərəfli döyüş yolundan geniş bəhs ediblər.

Şəhid anası Sona Allahverdiyeva tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək, təşkilatçılara şəhid valideynləri adından minnətdarlığını bildirib.

Sonra Qarabağ qaziləri tədbir iştirakçılarının suallarını cavablandırıblar.