Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Elbrus Tağıyev Gürcüstanın Laqodexi rayonunda Novruz bayramında iştirak edib

13:33 | 27 Mart, 2019

Novruz bayramı Gürcüstanın Laqodexi rayonunda özünəməxsus şəkildə, böyük coşqu ilə qeyd olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bayram şənliyində Gürcüstanla həmsərhəd rayonların – Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Azad Balayev, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Əhmədov, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Elbrus Tağıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Laqodexi Rayon İcra Hakimiyyətinin başçısı Kaxa Camburiya, Laqodexi şəhərinin meri Condo Didoşvili və Azərbaycandan gəlmiş qonaqlar arasında keçirilən görüşdə ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən danışılıb, hər iki ölkənin regionları arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonra Laqodexi rayon rəhbərliyi bölgədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Azərbaycandan gəlmiş qonaqlar Qabal kəndində də olublar.

Kənd icra nümayəndəsi Namaz Allahverdiyev azərbaycanlılar yaşayan kəndlərdə həyata keçirilən infrastruktur layihələrindən danışıb, SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə inşa olunan uşaq bağçası barədə məlumat verib.

Qonaqlar Qabal kənd tam orta məktəbinə kompüter dəsti hədiyyə ediblər.

Sonra rayon rəhbərliyi, səfirliyin əməkdaşları və Azərbaycandan gəlmiş qonaqlar Novruz bayramı münasibətilə təşkil olunmuş şənlikdə iştirak ediblər.

Rayon rəhbərliyi azərbaycanlıları və Novruz bayramını qeyd edən bütün insanları təbrik ediblər.

Bildirilib ki, azərbaycanlılar və gürcülər bu bölgədə mehriban dostluq və qardaşlıq şəraitində yaşayırlar. Bu bayramı azərbaycanlılarla gürcülərin bir yerdə qeyd etmələri dostluq və qardaşlığımızın nümunəsi kimi dəyərləndirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı sarsılmaz dostluq əlaqələrindən danışıb, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyini, möhkəmlənəcəyini bildirib. Novruz bayramının əsas xüsusiyyətləri haqqında geniş məlumat verən diplomat deyib ki, bu bayram sülh, birlik, bərabərlik və ruzi-bərəkət bayramıdır. O, bu bayramın xalqlarımıza sülh və firavanlıq gətirməsini arzulayıb.

Bayram tonqalı alovlandırılıb, qonaqlar paxlava və şəkərburanın dadına baxıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi