Qax şəhərində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar toplantı keçirilib

01:37 | 29 Mart, 2019

Son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 28-də Qax şəhərində keçirilən toplantıda səsləndirilib.

Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda şəhid olmuş igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Toplantıda xalqımıza qarşı əsrlərboyu davam edən soyqırımı siyasətinin mahiyyəti və tarixi köklərindən ətraflı bəhs edilib. Bildirilib ki, 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin öz məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə də Bakıda və qəzalarda misli görünməmiş qətliamlar həyata keçiriblər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti sonrakı illərdə də davam etdirilib. Təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində ötən əsrin sonlarında yüz minlərlə azərbaycanlı Ermənistandan qovulub, torpaqlarımızın 20 faizi zəbt edilib, 20 minədək soydaşımız şəhid olub, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından didərgin düşüb.

Tədbirdə azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb, hazırda bu istiqamətdə ölkə rəhbərliyi, həmçinin Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü və davamlı iş aparıldığı diqqətə çatdırılıb.

Vurğulanıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, soyqırımı siyasətinə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilməsinə dair apardığı işlər Azərbaycanın haqlı mövqeyinin dəstəklənəcəyinə, ədalətin tezliklə öz yerini tapacağına hər birimizdə böyük inam yaradır.