Qaxlı şairə Rəna Həsənin şeirləri – ŞƏHİD OĞUL

20:04 | 2 Aprel, 2019

Qax.org.az saytı Qaxlı şairə Rəna Həsənin ən son şeirlərini təqdim edir.

KÜLƏM MƏN
Artıq gecdir odu sönmüş küləm mən,
Mənimlə oynamaq əbəsdir inan.
Nə qədər qarışdır közərmərəm mən,
Bircə qığılcım da qalmamış inan.

Niyə məhəbbəti sən ucuz tutdun?
Axı əhdü-peyman bağlamışdıq biz,
Mən göyə qaldırdım,sən yerə vurdun.
Kaş ki, heç səninlə görüşməzdik biz.

Sən getdin,qəm gəldi sənin yerinə,
Kim olsa dözərmi mənim yerimə?
Dünyanın yükünü yığdın çiynimə.
Ama bir yol sən baxmadın geriyə.

Daha vüsalın da heç gərək deyil,
Artıq bu ürək də,o ürək deyil.
Min yol yalvarsan da dönən deyiləm,
Tökülən səhvimi,yığan deyiləm.

*****

DAĞLAR
Həsrətindən yandı könlüm,
Bağrım üstü bölüm-bölüm
Elsiz-günsüz necə ölüm?
Düşdüm səndən ayrı dağlar.

Düsmən bizi saldı ayrı,
Yaman dərdmiş ayrı-ayrı.
Dayanmaz könül harayı,
Sənin soragına dağlar.

Neçə bahar oldu dözdüm,
Kədər dəryasında üzdüm.
Göy çəmənə necə dözüm?
Xislətindən soldum dağlar.

Hicran gəlməyir vüsala,
Xəbər saldım dosta-yara.
Döşündə açmış gülzara,
Bir əlim çataydı dağlar.

*****

İLK BAHAR
Bahar qonaq gəlib yenə ellərə,
Nazlı bülbül şux budağa qonubdur.
Günəş şəfəqini salıb çöllərə,
Yamacda bənövşə boynun burubdur.

Yayılıb aləmə quşların səsi,
Təbiət çəmənə yaşıl don biçir.
Gəlir ilk baharın isti nəfəsi,
İnsanın qüssəsi,kədəri itir.

Pənah gətiribdir qaranquş bizə,
Eyvanda özünə bir ev qurubdur.
Dostunun evindən seçilsin deyə,
Qurumuş otlardan bəzək vurubdur.

Arxların kənarı lilparla dolu,
Bulağın başını yarpız tutubdur.
Dağların ətəyi sıx novruzgülü,
Eləbil rəngarəng naxış vurubdur.

Arzular bitməzdir,arzu tükənməz,
Hər yeni arzudan arzu dolubdur.
İlk baharla gələn sevgi müqəddəs,
Ruha hakim olub qəlbə hopupdur.

*****

ŞƏHİD OĞUL
(Qax rayonu Əmbərçay kəndinin şəhid oğlu Şahmərdan Abdullayevə həsr edirəm)

Kiçik dağ kəndində bir oğul vardı,
Dərddən,qəmdən uzaq xoşbəxt yaşardı.
Bir gün o zirvədən ildirim çaxdı,
Baxdı ki,dörd yanı qəm kərvanıdı.

Gedirəm ey dağlar əlvida sizə,
Aparır o karvan cəbhəyə məni.
İki kövrək qönçəm əmanət sizə,
Çagırır,səsləyir Vətənim məni.

Dənələndi gözündə yaş körpənin,
“Qorxma əziz balam qayıdacam mən”
Kədər qondu çöhrəsinə ananın,
“Gələrəm anacan gözlə məni sən”

Bir sabah dağları sis duman aldı,
Anamın köksündə qəlb parçalandı.
Körpə dodağında gülüşü yandı,
Oba Şahmərdanın xəbərin aldı.

O yaz zirvələrdən günəş baxmadı,
Kəntdə tufan qopdu,ildırım çaxdı.
Çəmənlərdə heç bənövşə açmadı,
Göz yaşı sel olub axdı,hey axdı.

Şahlıq zirvəsində yüksəyə qalxdın,
Mərdliklə bu yolu seçdin Şahmərdan.
Qorxmadan sinəni gülləyə açdın,
El yolunda şəhid oldun Şahmərdan.

*****

İLHAM SABAHA İNAMIM
Pənahımız,ilqarımız,
Sən fəxrimiz,vüqarımız.
Gələcəyə inamımız,
Mərd baxışlı ilhamımız.

Sənə dağ təki söykəndik,
Vəfa,etibar öyrəndik.
Düz bildik,düz fikirləşdik,
Səsimizi sənə verdik.

Neçə ürəklərdən keçdin,
Şükür ki,bu gün yetişdi.
On bir aprel gerçəkləşdi,
Xalqım yenə səni seçdi.

Seçimində yanılmaz o,
İlhamıyla basılmaz o.
Düz dayanar,sarsılmaz o,
Əbədidir,danılmaz o.

Ey mənim Azərbaycanım,
Hay deyəndə,sən hay canım.
İlham sabaha inamım,
Səndən başqa,yox gümanım.

Xalqın igidi,ər oğlu,
Sinəsi sipər,nər oğlu.
Ümidimiz sənə doğru,
El oğlu,Heydərin oğlu.