Qaxda tapılan daş əmək alətinin 300 min il yaşı var

19:40 | 5 Aprel, 2019

Keçəldağda yerləşən alban məbədinin ərazisindən 300 min ilədək yaşı olan daş əmək aləti tapılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndi məlumat verib.

Direktorun sözlərinə görə, qədim əmək aləti bir neçə il əvvəl AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq Natiq Alışovla birgə həmin abidəyə səyahət etdikləri zaman təsadüfən tapılıb. Tapıntının tarixi əhəmiyyətini nəzərə alaraq, 2018-ci ildə arxeoloq Mənsur Mənsurov tərəfindən bu əraziyə baxış keçirilib. Bu ilin martında arxeoloqlar Natiq Alışov və Azad Zeynalov paleolit dövrünə aid daş əmək alətinin tapıldığı həmin əraziyə yenidən kəşfiyyat xarakterli səfər ediblər. Ərazi ilə yaxından tanış olan alimlərin dediyinə görə, həmin tapıntının tarixi 300 min il əvvələ gedib çıxır.

Qədim dövrlərdə bu daş alətdən balıq və quş ovlamaq, heyvanların dərisini soymaq üçün, həmçinin digər əmək fəaliyyətlərində istifadə edilib.

Mahir Əfəndi bildirib ki, bu daş əmək aləti Qax rayonu ərazisində aşkar edilən ilk tapıntı deyil. 2013-cü ilin yayında rayonun Ləkit-Kötüklü kəndi ətrafında paleolit dövrünə aid Xorqaya mağarasında 2 metr dərinlikdə çöküntülər altında iri ocaq yeri və onun ətrafında yastı qaya daşları düzülmüş sahə qeydə alınıb. Ərazidən orta aşel (450 min il əvvəl) dövrünə aid çopper (kobudvurma aləti), bıçaq, yonma-sıyırma və çapma alətləri tapılıb.

İki il sonra, 2015-ci ilin avqustunda Xorqaya mağarasında aparılan qazıntılar nəticəsində 5-6 metr dərinlikdə mədəni təbəqələrdən sümükdən yonulub hazırlanmış 12 santimetr uzunluğunda iynə, biz, çopper, kəsmə, doğrama, dişli qaşov tipli sıyırma, ütü, rəndə formalı yonma-sığallama alətləri tapılıb. Alt laylardan isə kömürlə yanaşı, 670 min il əvvəl yaşamış irionurğalı və xırdabuynuzlu heyvanlara, quş və gəmirici kimilərə aid edilən fauna qalıqları götürülüb.

Muzeyin direktoru gələcəkdə məbəd qalıqlarının ərazisində aparılacaq arxeoloji kəşfiyyat və tədqiqat işləri zamanı Qaxın uzaq keçmişinə aid daha qədim, qiymətli tapıntıların aşkar ediləcəyinə inandığını bildirib.