ABŞ-ın nüfuzlu Georgetown Universitetinin tələbəsi – əslən Qaxdan olan Türkan Muxtarovanı tanıyaq…

17:49 | 18 Aprel, 2019

Bura daxil olduğum ilk gündən bəri oxumağın kifayət olmayacağını mənə demişdilər. Dərsdən əlavə hər gün fərqli seminar və məşğələlər keçirilir. Ondan əlavə, “profesional networking” anlayışı var ki, gərək istədiyin yerdə iş tapmaq üçün hər gün kiminləsə söhbət edəsən, özünü tanıdasan”.

Qürbətdə təhsil aldığı universitet haqda belə qənaətə gələn növbəti tələbəmiz Türkan Muxtarovadır. 1994-cü ildə Qax şəhərində anadan olan gəncimiz elə orta təhsilini də burada başa vurub. 2011-cı ildə isə Qafqaz Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinə daxil olaraq, ali məktəbi birinciliklə bitirib. Hazırda ABŞ-ın məhşur Georgetown Universitetində magistr təhsili alır. Türkan deyir ki, xaricdə təhsil almaq onun arzusu olub.

“Nə vaxtsa harasa gedəcəyimi bilirdim, amma Amerikanı xəyal belə eləyə bilməzdim”.

Xəyallarının arxasınca yola düşən müsahibim deyir ki,2015-ci ildə ilk dəfə başqa bir proqramla Vaşinqtona getmişdim. Hələ o zaman Georgetown Universitetini gördüyümdə orada oxumağın qeyri real olduğunu düşünmüşdüm. Çünki universitet çox bahalı, qəbul şərtləri isə çox ağır idi. Ümidim də yox idi. Amma, bəxt elə gətirdi ki, gözləmədiyim yerdə üç mərhələli təqaüd proqramının qalibi oldum. Ona görə də bu universitetdə oxumaq mənə qismət oldu. Düzdü çox çətin proses idi, amma nəticə buna dəyər.

Georgetown Universiteti…

Bu ali məktəb Vaşinqtonda yerləşən tədqiqat universitetidir və 1789-cu ildə təsis edilib..Georgetown tanınmış məzunlarının kimlər olduğunu bilmək istəyirsinizsə, onların arasında ABŞ prezidenti Bill Klinton, CIA-nun direktoru Corc Tenet, İspaniya – Kral Felipe, həmçinin bir çox ölkənin dövlətinin başçıları və başqaları yer tutur. Mənim oxuduğum “Master of Science in Foreign Serive” proqramı 1922-ci ildə yaradılmış və ABŞ-ın ilk magistr təhsili verən beynəlxalq münasibətlər proqramıdır. O vaxtdan bəri, 3000-dən çox tələbə MSFS dərəcəsi üzrə magistr təhsilini bitirmişdir. Deyə bilərəm ki, bu gün MSFS dünyanın ən seçmə proqramlarından biri sayılır. Foreign Policy Jurnalına əsasən magistr təhsili üzrə beynəlxalq əlaqələr sahəsində ən yüksək reytinqə sahib universitetdir. Harvard 2-ci, John Hopkins isə 3-cüdür.  

Burada təhsil almaq  istəsəniz bilməlisiniz ki…

Georgetown Universitetində təcrübə proqramın bir hissəsidir. Əgər 2 il içərisində ən azı 4 ay praktika keçməsən, məzun ola bilməzsən. Dərslər isə ümumiyyətlə həmişə diskusiya üzərində qurulub. Bu günə qədər leksiyadan ibarət dərsim heç olmadı. Burada tələbələr lazımi tapşırıqları dərsdən əvvəl edir, oxunulmalı materialları oxuyur və sinifə elə gəlirlər. Müəllim çox vaxt izah etmir, diskusiyanı təşviq edir. Onlardan əlavə, hər həftə ən azı 1 təqdimatım və 1 debatım olur.

Yaşamaq və işləmək lazımdır…

Amerika bizdən çox fərqlidir. Avropa kimi deyil. Təyyarədən düşdükdən sonra “sheriff” maşınını görüb, sanki kinoda olduğumu düşünmüşdüm. Bura çox fərqlidir. Yemək ölçülərinə təəccüblənirdim. Həddindən çox böyükdür. İş həyatına gəlincə demək olar ki, ölkədə hamı oxumaqla yanaşı işləyir. Mən də bir ildir ki, Dünya Bankında işləyirəm və işimdən çox razıyam. Təhsilim o qədər təcrübə  üzərində qurulub ki, iş tapşırıqlarında heç bir əziyyət çəkmirəm.

Sonda…

Əgər xaricdə təhsil almaq istəyirsinizsə, qəti ruhdan düşməyin. İlk dəfə alınmaya bilər. Daha çox cəhd eləyin. Məqsədiniz varsa, əlbəttə olacaq. Hər birinizə uğur olsun…