Qax komandası “Şahin” hərbi-idman oyununun zona mərhələsinin qalibi olub

14:44 | 20 Aprel, 2019

Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin aprelin 19-da Şəki şəhərində keçirilən zona mərhələsinin yarışları Qax rayonu komandasının qələbəsi ilə başa çatıb. Sonrakı yerləri Zaqatala və Göyçay rayonlarının təmsilçiləri tutublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışlara başlamazdan əvvəl Gənclər və İdman Nazirliyinin məsul nümayəndəsi Elçin Nəcəfov və Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək Gənclər və İdman, Təhsil və Müdafiə nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildiriblər.

Şəhər stadionunda 6 komandanın iştirakı ilə keçirilən zona birinciliyində əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra iştirakçılar hədəfə “qumbara” atma, tüfəngdən atəş açma, silahın sökülüb yığılması, yaralıya ilkin tibbi yardımın göstərilməsi, maneələrin dəf olunması, kəndir vasitəsilə yüksəkliyə dırmanma və digər yarışlarda qüvvələrini sınayıblar.

Zona turunda birinci və ikinci yeri tutan Qax və Zaqatala komandaları respublika birinciliyinin Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.