Qax Dövlət Kukla Teatrı Balakən rayonunda qastrol səfərindədir

01:02 | 25 Aprel, 2019

Aprelin 23-də Qax Dövlət Kukla Teatrının Balakən rayonuna qastrol səfəri başlayıb. Üç gün davam edəcək qastrol müddətində yaradıcı kollektiv balakənli uşaqlara Kəmalə Ağazadənin “Göyçək Fatma” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edəcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru Nazim Mahmudov məlumat verib.

Rayon Mədəniyyət Mərkəzində təqdim olunan ilk tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Yusif Abdurahmanov, rəssamı Mayis Abdullayevdir. Tamaşada rolları Afət Yaqubova, Araz Mehrablı, Nuru Mustafayev, Azər Kərimov, Aynurə Abbasova və başqaları ifa ediblər.

Qax teatrının gələn həftə bu tamaşa ilə Oğuz rayonuna da qastrol səfəri planlaşdırılır.